Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

Kamal və Aynur Poeması

On yeddi (17) yaşımda yazdığım  “Kamal və Aynur” poeması..., Habil Yaşar

Kiçik poemamın qəhrəmanları,

Kamal və Aynurdur iki gənc sevən.

Tale çox sınağa çəkmiş onları,

Ancaq öz eşqinə olmamış dönən.

          

  Əsəri yazmağımın səbəbi...

 

Günlərin bir günü dedi ürəyim,

Məhəbbət haqqında bir əsər yarat.

Elə məhəbbətdir fikrin, diləyin,

Ancaq yazmamısan, nə üçün? heyhat.

 

Bu sual ilhama gətirdi məni,

Dedim başlayacam bir eşq dastanı.

Elə yazacağam hər bir kəlməni,

Deyərlər “yaşasın bunu yazanı”.

 

İlahi, tək səndən kömək istərəm,

Kərəmin olmasa nə karəyəm mən.

Səndən əsərimə uğur dilərəm,

Uğursuz əsərlə dirçəlmərəm mən.

 

    Kamalın yuxusuna bir gözəlin girməsi.

 

Gecədir hər tərəf sükut içində,

Hər kəs yuxulayıb, yatır bayaqdan.

İşıqlıq olsa da, küçələr yenə,

Bir işıq gəlməyir heç bir otaqdan.

 

Bəlkə də yuxular görür neçəsi,

Yarı əfsanəvi, yarı həqiqət.

Məni düşündürür yalnız bircəsi,

Onun gördüyünü deyəcəm əlbət.

 

Bəs kimdir o kəs ki, düşünürəm mən?

Sevimli dostumdur, adı Kamaldır.

Oxucum deyirəm sənə öncədən,

Lirik əsərimin qəhrəmanıdır.

 

Bəli, elə yuxu görür ki, Kamal,

Gələcək illərin təməl daşıdır.

Röyada görünən o gözəl camal,

Kamalın olacaq can yoldaşıdır.

 

“Görür ki, əlində su verir ona”.

Oxucum adicə baxma buna sən.

Əgər su verirsə bir qız oğlana,

Demək qovuşacaq, olacaqlar şən.

 

O səhər yuxudan Kamal duraraq,

Dərhal da söylədi suya yuxunu.

Üz tutub Allaha o yalvararaq,

İstədi yuxunun doğruluğunu.

 

Açıb əllərini yalvardı ki, bəs,

Mən onu bir yerdə görəydim barı.

Kamal nə hiss edir sevməyən bilməz,

Necə əzablıdır qız intizarı.

 

Əlbəttə, sevmişdi ürəkdən onu,

Necə qəribədir yuxuda sevmək.

Ancaq bilməyirdi heç bir kəs bunu,

Daha da çətindir gizləyə bilmək.

 

                    Qonaqlıq.

 

Bir gün oturmuşdu Kamal evdə tək,

Ötən günlərini xatırlayırdı.

Arada eyvana çıxıb sevincək,

Gözəl Bakımızı seyrə dalırdı.

 

Birdən telefonun zəngi çalındı,

Kamal tez dəstəyi aldı əlinə.

“Alo” söyləyərək cavabı aldı,

Sonra cümlələri süzdü dilinə.

 

Əziz dostu idi zəng vuran oğlan,

Doğum günü üçün edirdi dəvət.

Elə söyləyirdi  gəl a durmadan,

Kamal cavab verdi, gələrəm əlbət.

 

On-on beş dəqiqə edildi söhbət,

Sonra sağollaşıb, vidalaşdılar.

Onlarda çox idi dostluğa hərmət,

Aradan su keçməz, bir qardaşdılar.

 

Geyib pencəyini Kamal əyninə,

Saçını darayıb yola düzəldi.

Bir-iki saata qət edib yolu,

Sonunda dostunun evinə gəldi.

 

Evin dörd tərəfi adamla dolu,

Yaman çal-çağır var gəl ki, görəsən.

Kamal nəzər edib sağ ilə solu,

Qəlbində dostuna söylədi əhsən.

 

Hər kəslə görüşüb, gedib oturdu,

Söhbət eləyərək, güldü, danışdı.

Məclis ortasında ayağa durdu,

Bir sağlıq söyləyib, alqış qazandı.

 

Qapını qəfildən döydü bir nəfər,

Bir gözəl içəri təşrif buyurdu.

Onu qarşıladı hörmətlə Səfər,

Sonra yer göstərib, qızı oturtdu.

 

Bəli, bəs kim idi bu gələn xanım?

Gözəllər-gözəli o nazlı mələk.

Çox da intizarda sizi qoymayım,

Bu qonaq kim idi söyləyim gərək.

 

İndicə otağa daxil olan qız,

Səfərin ən yaxın əqrəbəsiydi.

O, tək böyümüşdü qardaş, bacısız,

Ananın, atanın yeganəsiydi.

 

Bəlkə də olardı on yeddi yaşı,

Gözəllikdə Şirin, sözündə sirin.

Sanki, bir ox idi kipriyi, qaşı,

Alardı ağlını sevən aşiqin.

 

Sataşdı Kamalın gözləri ona,

Sevən bir ürəkdə alov gurladı.

Bir an gözlərini çəkməyib yana,

Baxdıqca hey baxdı, yenə doymadı.

 

Kamalın yadına düşdü qəflətən,

Yuxuda gördüyü həmin bu qızdır.

Mənə saf su verdi incə əlindən,

Bu bir həqiqətdir, bu danılmazdır.

 

Bəli yanılmayıb, bizim qəhrəman,

Elə həmin qızdır özüdür ki, var.

Oxucum gələcək elə bir zaman,

Bizim aşiqimiz bəxtiyar olar.

 

Fəqət sevdiyini demədi yenə,

Gizlədi qəlbinin dərinliyində.

Xəyala dalaraq dedi  özünə,

Anamın gəlini olaydın mənə.

 

Kamal fikirlərlərlə, düşüncələrlə,

Məclisi bitirib evinə gəldi.

Çalıb pianonu daha həvəslə,

Nəğmələr oxuyub, vüsal dilədi.

 

 

         Kamalın telefon zəngi.

 

Xəyallar içində çırpınır ürək,

O, qızı yadından çıxarmır bir an.

Kimdən dad istəsin, kim etsin kömək,

Sığmır yerə-göyə intizarından.

 

Necə xəbər versin o, qıza ki, mən,

Sənin həsrətindən məcnun olmuşam.

Üç günün içində qəmdən-kədərdən,

Şam kimi əriyib, gül tək solmuşam.

 

Düşünüb zəng vurdu dostu Səfərə,

Axır bəyan etdi məhəbbətini.

Səfər də uğurlar deyib bu işə,

Söylədi zəng eylə, de niyyətini.

 

Kamal həyəcanlı titrəyir əli,

Gen dünya gözündə yaman daralır.

Dəstəyi götürüb qız deyir “bəli”,

O, da “salam” deyib, “salam” da alır.

 

Qız da tanıyırdı Kamalı yaxşı,

Çünki eşitmişdi qohumlarından.

Gözünə zillənən dərin baxışı,

Duymuşdu, bilmişdi elə o andan.

 

Gücünü bir yerə Kamal yığaraq,

Söylədi “Görüşə bilərikmi biz?”.

Aynur fikirləşib, rəyə vararaq,

“Hə” dedi, şad oldu sevən ərimiz.

 

Görüş yerlərini təyin edərək,

Sağ ol söyləyərək, vidalaşdılar.

Sabahı ümidlə hey gözləyərək,

Gecəni sübhədək oyaq qaldılar.

 

İlk dəfə görüşə tələsmək ki, var,

Necə həyəcanlı ömrün bu anı.

Gecələr röyalar, gündüz duyğular,

Yaşatmaq istəyir həyat insanı.

 

 

                      İlk görüş...

Zaman gəlib keçir, ötüşür saat,

Görüşün vaxtına artıq az qalıb.

Nə Kamal rahatdır, nə Aynur rahat,

Bizim sevgililər yaman darıxıb.

 

Budur Kamal gəlib çatdı Sahilə,

Gözləyir indicə gələcək yarı.

Əlində bir dəstə, gözəl bir güllə,

Kərələrək baxır yollara sarı.

 

Budur Aynur düşür öz maşınından,

Onun da rəngində dəyişiklik var.

Düşünə-düşünə gəlir bayaqdan,

Çünki, ilk görüşün həyəcanı var.

 

Kamal yaxınlaşıb əl verdi ona,

Aynur da əlini ona uzatdı.

Azacıq sakitlik çökdü meydana,

Nə Kamal dilləndi, nə qız danışdı.

 

Kamal yavaş-yavaş, sükutu pozdu,

Başladı danışıb, söhbət etməyə.

Tanışlıq eləyib, əhvalın sordu,

Sonra dəvət etdi onu gəzməyə.

 

Bir az məhəbbətdən, eşqdən, sevgidən,

Hicrandan, vüsaldan, söhbət etdilər.

Sonra ayrılaraq biri-birindən,

Gələn görüşədək deyib, getdilər.

 

Aynur da sevmişdi Kamalı dərin,

Gözündən, qaşından oxuyuram mən.

Əhdinə vəfalı olan kəslərin,

Elə ürəyindən oxuyuram mən.

 

  Kamalın anasına eşqini bəyan etməsi...  

 

Atasız böyümüş bizim qəhrəman,

Ata qayğısından uzaqda qalmış.

Uşaqlıq illəri keçibmiş yaman,

Həyatdan nə qədər əzablar almış.

 

Kədərdən yoğrulmuş onun həyatı,

Üzü də gülməmiş işgəncələrdən.

Keçmiş günlərinin iztirabları,

Onu tərk etməyir düşüncələrdən.

 

Bir az ötənlərdən danışdım fəqət,

Dönürəm yenə də indikilərə.

Ana öz oğlunu puzurdu xəlvət, 

Görürdü qərq olub dərin fikirə.

 

Bir günü soruşdu: “Ey əziz oğlum,

Nə olub son günlər gülməyir üzün?

Gəl gizlətmə məndən qurbanın olum,

Söylə sən anana, hər şeyin düzün.

 

Bəlkə bir gözələ aşiq olubsan,

Utanıb, çəkinmə nə var ki, burda.

Artıq uşaq deyil, cavan oğlansan,

De anan çatdırsın səni murada”.

 

Kamal cavab verdi: “Aşiqəm bəli,

Aşiqəm gül üzlü olan bir qıza.

O, dünya maralı, dünya gözəli,

İnan ki, bənzəyir parlaq ulduza”.

 

Ana bir anlığa sevindisə də,

Sonra qəhərlənib fikirə daldı.

Dedi: “Ümid yoxdur bu zəmanəyə”,

Odur ki, oğlundan bir xəbər aldı.

 

“Əslini, nəslini heç bilirsənmi?,

Bəlkə yaraşmayır bizim nəsilə.

Sən onu sevirsən, o da sevirmi?

Bəlkə ötəri hiss, mənə düz söylə”.

 

“Yox ana uzaqdır o, bu hisslərdən,

Anası halal süd əmdirib ona.

Bir də ki, elə qız seçirəm ki, mən,

Bələd olum onun əsli-soyuna”.

 

“Ey oğul odur ki, sevirsən onu,

Gərək elçi gedək yubanmaq olmaz.

Yoluna qoyarıq qohumlar bunu,

Qorxma düzələcək, gül, danış bir az”.

 

Ana eşidəcək bu gözəl sözü,

Nəvə arzusuyla alışıb-yandı.

Belə gülməmişdi heç zaman üzü,

Özünü bəxtəvər bir qadın sandı.

 

Zəng edib qohuma, tanışa, dosta,

“Bir bizə bu günü buyurun” dedi.

Hər kəs yığışanda ana vüqarla,

“Sabah elçiliyə gedirik” dedi.

 

Ana nə biləydi bu məhəbbətin,

Başı bəlalarla dolu olacaq.

O saf ürəklərin, saf niyyətlərin,

Halına yananlar az tapılacaq.

 

 

    Ananın elçilikdən üzüqara qayıtması...

 

Məhəbbət deyilən ikibaşlıdır,

O gah sevindirir, gah da ağladır.

Kimə nəsib olur bu yolda gülmək,

Kiminə göz yaşı, əzablar çəkmək.

 

Bir eşqdə göz yaşı olarsa əgər,

Vüsala çatanda daha xoş gələr.

Ana elçiliyə getsə də düzü,

Xoş söz eşitmədi, gülmədi üzü.

Dedilər: “Əvvəla siz yoxsulsunuz,

Vəzifə sahibi deyil oğlunuz.

Tutaq ki, biz qızı verdik oğluna,

Necə baxacaqdır oğlunuz ona.

Bizim qız şıltaqdır, nazla böyüyüb,

Hər nə istəyibsə ovcunda görüb.

Bir də ki, sözlüdür o başqasına,

Son qoysun oğlunuz bu xülyasına.

Qızım layiq deyil bir kilimçiyə,

Verərsəm, üzümə gülsünlər niyə.

Bizim şöhrətimiz, şanımız vardır,

Əgər qohum olsaq bu bizə ardır.

Odur ki, bu qızdan əlizi üzün,

Oğlunuza özgə bir qız düşünün”.

 

Qızın atasının zəhərli sözü,

Ox kimi ananın bağrını yardı.

Bir anda qaraldı, tutuldu üzü,

Gen dünya anaya kiçikdi, dardı.

Necə deyəcəkdi, ey oğulum sən,

O, qızdan əlini tam üzməlisən.

Yazığın arzusu ürəkdə qaldı,

Deyilən sözləri qəlbinə saldı.

Bir yerdə tapmadı ümid çırağı,

Daha xəyal oldu qızı almağı.

Elə ki, qayıtdı ana evinə,

Gözünün yaşları sel kimi axdı.

Yeganə oğulu bircəciyinə,

Min bir kədər ilə, yanaraq baxdı.

Kamal çəkilərək qaranlıqlara,

Yemədi, içmədi, saraldı, soldu.

Axı nə eyləsin o, bəxtiqara,

Bir günü əsirə bərabər oldu.

 

    Aynurun gizli telefon zəngi...

 

Sanmayın bir zaman gülərüz Aynur,

Yenə gülümsəyir, yenə kef çəkir.

Yox, yox uzaqdadır o, bu işlərdən,

Kimlər nə bilir ki, yazıq nə çəkir.

 

Qəlbi yaralıdır, ürəyi dağlı,

Sevdiyi oğlana vermirlər onu.

Taleyi, qisməti bağlıdır, bağlı,

Necə amansızdır fələk oyunu.

 

Gecələr ağlayıb, tökür göz yaşı,

Yastığı qərq olur sulara tamam.

Bir yandan həsrətdən ağrayır başı,

Söyləyir nə etdi atamla-anam.

 

Soyuyar...deyirlər evdə bu oyun,

Nə olsun ağlayır, hələ istidir.

Nə bu qız Leylidir, nə Kamal  Məcnun,

Bunlarda adicə sevənlərdəndir.

 

Beləcə aradan keçdi neçə gün,

Aynur dözməyərək zəng vurdu axır.

Dedi: “Gəl görüşək səninlə bu gün,

Axı sənsizliyim yandırır-yaxır”.

 

Kamal anladı ki, vəfalıdır qız,

O, məni könüldən, ürəkdən sevir.

Atası, anası əngəldir yalnız,

Onlar başqasına vermək istəyir.

 

(Oxucum oxuyub hər bir misranı,

Bəlkə də gözündən yaşlar tökmüsən.

Qəlbində demisən bəs vüsal hanı?

Təəssüf hələ ki, tez tələsmisən.

 

Ancaq intizarda qoymuram səni,

Əsərin sonunda sevinəcəksən.

Niyə bədbəxt edim bu sevənləri,

Onları bəxtiyar, şad görəcəksən.

 

Bu yazan qələmim qəmdən uzaqdır,

O qəmdən-kədərdən çox yaza bilməz.

Aynur da, Kamal da axı yazıqdır,

Onlar sevinməli, söz ola bilməz).

 

     “Görüşmək asandır, ayrılmaq çətin”...

 

Görüşə tələsən bu iki cavan,

Ayrılıq əlindən zara gəlibdir.

Qəsd edir onlara sanki, bu dövran,

Taleyin sevinci ləkələnibdir.

 

Görüş səhnəsidir necə gözəl an,

Sevənlər sevincdən ağlayır, gülür,

Kamal öpür qızın bal dodağından,

Aynur da razıdır bu işi bölür.

 

 

(Oxucum hələ ki, sevinmə sən çox,

Sanma sevənlərin artıq dərdi yox.

Axı nə biləsən önda nələr var,

İllərcə sürəcək bir ayrılıq var.

Elə bir ayrılıq, ayrılıq var ki,

Hələ şükürlüdür bundan öncəki.

Təəssüf onları bəla izləyir,

Gərgin macəralar bizi gözləyir).

 

Keçsə də aradan bir neçə müddət,

Onlar qucaqlaşıb, ayrılmamışlar.

Aynuru istəyən Sabirsə xəlvət,

Onları puzurdu, duymamışdılar.

 

Sabir dəhşətlənib bu mənzərədən,

Indi gözlərinə qan dolub onun.

Bir də dostlarıdır Sabirə həmdəm,

Deyirlər “Ciyərin çıxaraq bunun”.

 

Sabir yeriyərək irəli bir az,

Söyləyir:  “İştahın böyükdür Kamal.

Mənim sevgilimdən sənə pay olmaz,

Nəsibin hicrandır, mənimdir vüsal”.

 

Kamal söz altında qalmayır bu dəm,

Söyləyir: “Ey Sabir lovğalanma sən.

Qız məni istəyir şahiddir aləm,

Hələ ki, gec deyil, əl çək işindən”.

Necə? Nə söylədin?...əl çək işindən,

Vallah alacaqsan sən öz payını.

Mən bir aslanam ki, heç vaxt dişimdən,

Qurtara bilməyib bir kəs canını”.

 

“Öyünmə, öyünmə Sabir bu qədər,

Dəvədən də böyük fil vardır düşün.

Dediyin bu sözlər hədərdir, hədər,

Görək nəticəsi nədir döyüşün”.

 

Üç nəfər, Kamal tək, yalnızsa lakin,

Sonunda savaşdan zəfərlə çıxır.

Birinə bərk vurur, çatlayır bilək,

Biri zədə alıb, yerə yıxılır.

 

Döyüş meydanını tərk edib Sabir,

Polisə zəng edir, polis çağırır.

Kamal qəfil görür, polislər bir-bir,

Ona hücum edir, ona bağırır.

 

Kamalın əlləri qandallanır  tez,

Qazamat, dörd divar gözləyir onu.

Aynur qışqırır ki, nə edirsiniz?

O, məsum insandır, buraxın onu.

 

Nə qədər etsə də Aynur and-aman,

Onun sözlərinə baxan hardadı.

Çay kimi çağlayan, şam kimi yanan,

Sevən bir gözəlin əli dardadı.

 

      Unut oğlum dərdini...

 

Kamal həbs olundu bir illiyinə,

Anası eşidib saçını yoldu.

Hər gün baş çəkdikcə bircəciyinə,

Ürəyi kövrəldi, gözləri doldu.

 

Bir dəfə anası öyüd verərək,

Dedi: “Bu sevgini çıxar başından,

Hansı qızı sevsən “hə” söyləyəcək,

Ağıllı, kamallı, yaraşıqlısan.

 

Aynurun atası-anası bax sən,

Bizi özlərinə yaraşdırmayır.

Varlı, zəngindirlər özün bilirsən,

Onlar kasıblara yaxın durmayır.

 

Unut kədərini, əzab çəkmə gəl,

Anan dözə bilmir qara gününə.

Nə qədər yaxamdan tutmayıb əcəl,

Məni həsrət qoyma, nəvə, gəlinə”.

 

“Ey ana incimə, yaxşı bilirsən,

Sənin bir sözünə, yox deməmişəm.

Lakin mənim güclü məhəbbətimdən,

Sən dön söyləmisən, mən dönməmişəm.

 

İndi daha da çox sevirəm onu,

Unuda bilmərəm, dönə bilmərəm.

İçimdə parlayan dan ulduzunu,

Söndürmək istəsən, sönə bilmərəm.

 

Mənim məhəbbətim deyil oyuncaq,

O Məcnun eşqindən güclüdür inan.

Vüsalım dərdimə dərmandır ancaq,

Heyif verilməyir mənə o dərman”. 

 

Beləcə qurtardı söhbətin sonu,

Ana yana-yana evə qayıtdı.

Yenə də oynadı fələk oyunu,

Yazıq bir ananı torpağa qatdı.

 

Ölüm həqiqətdir, hamı öləcək,

Ancaq bu ananın ölümü sizə,

İnanın daha çox təsir edəcək,

Çünki, oğul yox ki, onu dəfn edə.

 

Kamal eşidincə acı xəbəri,

Dünya gözlərinə dar oldu yaman.

Sanki, azmış kimi onun kədəri,

Qəminin üstünə, qəm qatdı zaman.

 

     Fikirlər, düşüncələr...

 

Neçə ay olar ki, tutulmuş Kamal,

Onun ürəyini didir şübhələr.

Qorxur ki, sevdiyi o gözəl camal,

Zor ilə Sabirə verilə bilər.

 

O, təkdir, yoxudur, ona bir həmdəm,

Yalqızlıq dərdliyə daha betərdir.

Gecəsi, gündüzü matəmdir, matəm,

Bu necə taledir, bu necə bəxtdir.

 

Səkkiz ay olar ki, o, öz yarını,

Bircə kərə olsun heç görməmişdir.

Ömrün tər gülünü, ilk baharını,

Oxşayıb, şirin söz söyləməmişdir.

 

Düşünür bəlkə də sevgilim məni,

Gözləyib, axırda yorulacaqdır.

Könülsüz Sabirə verib qəlbini,

Məni xəyallarda yaşadacaqdır.

 

Ancaq nə biləydi Leyli tək Aynur,

Gecələr ulduzla, ayla danışır.

Gələn elçiləri rədd edib, qovur,

Sabiri görəndə söyüb, dalaşır.

 

Axı nə biləydi qızın atası,

Maşınla gedəndə qəza edibdir.

Doğma ocağına bəxş edib yası,

Ömürlük evini tərk eləyibdir.

 

Bəli son sözlər də, bu həqiqətdir,

Aynurgildə yasdır, matəmdir indi.

Əcəl hər bir kəsə nəsib, qismətdir,

Dünya yaşadıqca, yaşayan kimdi.

 

Ömrünü sürəndə elə sür ki, sən,

Çalışıb yadlarda yaxşı qalasan.

Bir ölməzlik qazan, ölməyinlə sən,

Onda ölsən yenə yaşayacaqsan.

 

                 

                   Kamalın azadlığa çıxması...

 

Bir il gəlib keçdi, axar su kimi,

Kamal azad oldu qaranlıqlardan.

Evinəmi getsin...axı o, kimi,

Öpüb qucaqlasın, sorsun halından.

 

Ordan qəbirstana yollandı birbaş,

Getdi anasının ziyarətinə.

Ağlaya-ağlaya söylədi ki, kaş,

“Ölən mən olaydım, sənin yerinə.

 

Yolumda çəkdiyin min bir zəhmətin,

Qaytara bilmədim zərrə borcunu.

Sən bir anaydın ki, hər şeydə mətin,

Halal yetişdirdin, doğma oğlunu.

 

Xeyr ölməmisən, müqəddəs anam,

Mən varam, demək ki, sən yaşayırsan.

Keçsə neçə illər, keçsə də zaman,

Unuda bilmərəm səni bircə an.

 

Kamal qucaqlayıb ana qəbrini,

Bir müddət başını aşağı saldı.

Ananın yoxluğu, ana qəhəri,

Onun ürəyində silinmız qaldı.

 

Kamal tərk eləyib qəbirstanlığı,

Fikirli-fikirli evə yollandı.

Bir anlıq sandı ki, budur anası,

Pencərəni açıb, yola boylandı.

 

               İntihar...

Aynurun anası bir gün, bir səhər,

Qızının yanına gəlib söylədi.

“Ay qızım, bu qədər üzülmək yetər,

Əl çək inadından, artıq bəsindi.

 

Bu qəti sözümdü, deyirəm vallah,

Ərə verəcəyəm səni Sabirə

Nişan gününüzdür bu gün, ya sabah,

“Axı istəmirəm” demə bir kərə.

 

Qızım istəyirəm bu dünyada sən,

Firəvan, xoşbəxt bir həyat sürəsən.

Tutaq ki, Kamala verdim səni mən,

Yoxsulluq içində sürünəcəksən.

 

Aynur söyləyir ki, “məhəbbətimi,

Niyə satmalıyam vara-dövlətə.

Sevirəm demişəm, indi əhdimi,

Pozarsam, dözəməm bu xəyanətə”.

 

“Qızım çox deməyə yox ehtiyacım,

Çünki, söyləmişəm mən son sözümü.

Dəyişməz heç zaman mənim qərarım,

Sabah taxılacaq nişan üzüyü.

 

Aynur bu sözlərdən dəhşətlənərək,

Zillədi anaya tərs-tərs üzünü.

Masanın üstündə bıçaq görərək,

Vurdu, bıçaqladı yazıq özünü.

 

Libası bir anda büründü qana,

Qışqırıq, bağırtı evi götürdü.

Ürəyi gedərək, yıxıldı ana,

Qonşular eşidib səsə yürüdü.

 

Öldümü? Ölmədi? Bilmirəm hələ,

Bəlkə sağalacaq o, bu yaradan.

Ax...O, necə qıydı özünə belə,

Sən özün kömək ol, ona yaradan.

 

Bəli, məhəbbətin gücü böyükdür,

Onda bilinməyən neçə sirr yatır.

Əsl sevənlərə o ağır yükdür,

Bəzən aşiqlərin sonuna çatır.

 

 

                  Həsrətin sonu...

 

Aynur palatada sanki, can verir,

Hamı yığışıbdır onun yanına.

Nə bir gözün açır, nə bir söz deyir,

Ana peşimandır tutduqlarına.

 

Sağalsın, sağalsın deyə qızcığaz,

Həkimlər eləyir əldən gələni.

Elə bil özünə gəldi o, bir az,

Eşitdi həkimlər “Kamal” səsini.

 

Bir həkim söylədi qorxmayın artıq,

Ölüm təhlükəsi sovuşub, getdi.

Ancaq bircə kəlmə işlətdi qırıq,

“Kamalsız yaşaya bilmərəm” dedi. 

 

“Kamalı çağırın qoy bura gəlsin,

Aynurun dərmanı yalnız ondadır.

Nərminə, əzizim bir az tələsin”,

İndi bu sözləri deyən anadır.

Kamal eşidincə bu intiharı,

Bilmədi nə etsin, nə çarə qılsın.

Axı can üstəydi sevgili-yarı,

Allah düşmənə də bunu qıymasın.

 

O, gəldi yolları səbir-qərarsız,

O, gəldi yolları düşüncələrlə.

Onun nə çəkdiyin anlayarsınız,

Kim dözə bilər ki, bu fəlakətə.

 

Elə ki, qapıdan girdi içəri,

Sanki, işıq saçdı o palataya.

Açıldı Aynurun qara gözləri,

Üzündən bir sevinc oxundu daha.

 

Aynur söylədi ki, əzizim Kamal,

Səni görən kimi sağaldı yaram.

Məndən uzaq  getmə, sən yanımda qal,

İnan tək səninlə, mən bəxtiyaram.

 

Anladım sevginin yoxdur dəyəri,

Onu dəyişməzlər dövlətə-vara.

Arzularam sizə bir ana kimi,

Yaşayıb, çatınız  xoş arzulara.

 

Dilərəm sevənlər çatsın vüsala,

Onlara müsibət, qəm üz verməsin.

Dalıb düşüncəyə, dalıb xəyala,

Ayrılıq əlindən çox üzülməsin.

 

İndi əsərimi verirəm sona,

Oxuyan gözlərə Allah nur versin.

Uğurlu gələcək dilərəm ona,

Yazdığım misralar hədər getməsin.

 

Oxucum bəlkə də qəlbim deyəcək,

Nə qədər zamana, yazmısan bunu?

Budur söyləyirəm mən sizə gərçək,

İyirmi altı günə yazmışam bunu.

 

         Əsərin sona bitməsi...

 

Oxucum yazdığım hər yeni misra,

Böyük fikirlərə qərq edib məni.

Pozulmamaq üçün mövzuda sıra,

Habil eləyibdir əldən gələni.

 

Bəzən yazmaq üçün kiçik bir bəndi,

Günlərlə sükuta qərq olmuşam mən.

Bütün bilinməzi Allah biləndi,

Biləndi nə qədər yorulmuşam mən.

 

Şam kimi əriyib, zülmət gecədə,

Yalnız əsərimin nazın çəkmişəm.

Zəiflik görəndə sətirlərimdə,

Onu düəztməkdən heç bezməmişəm.

 

İlahi! İlahi! Bircə arzum var,

Nə olar arzumu çatdır murada.

Mən də öləcəyəm bu bir aşikar,

Ancaq əsərimi yaşat dünyada.

Istərəm elə bir zaman gəlsin ki,

Habilin şeri əzbər söylənsin.

Oxuyan insanlar mənə desin ki,

“Allah o şairə rəhmət eləsin”.

 

 

Habil Yaşar   2000-ci il...

 

İLGİLİ İÇERİK

HABİL YAŞAR TOPLU ŞİİRLERİ-1

HABİL YAŞAR TOPLU ŞİİRLERİ - 2

MELEKLERİN GÖZ YAŞI - HABİL YAŞAR

BİR İNTİHARÇININ MEKTUBU - HABİL YAŞAR

NYU YORKDA LANET-HABİL YAŞAR

YARATICILIK İNTİHARI - HABİL YAŞAR

BİR FİNCAN KOFE- HABİL YAŞAR

DOSTUM TANRI - HABİL YAŞAR

 

SON EKLENENLER

Üye Girişi