Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

MESSENGER - HABİL YAŞAR

(Gənc yazar Ayxanın müəmmalı sərgüzəştləri davam etməkdədir)


Axşamüstü Feysbukda (yeni adıyla metada) bildirişlərə baxarkən mesencerə bir neçə ismarıcın gəldiyini görsəm də hələ heç birinə cavab verməməyi düşünürdüm. (Çünki, hər zamankı kimi əqli cəhətdən bu gün də xeyli yorulmuş, hər kəsə ayrı-ayrılıqda cavab verməyə taqətim qalmamışdı). Gözlərim anidən ismarıclar arasındakı o müəyyən ada ilişənə qədər. O adı görüncə kim diqqətsiz qala bilərdi ki, mən də qala biləm.
İsmarıcı açıb oxumağa başlayarkən:

“Hörmətli, Ayxan bəy! Sizi Londona bir həftəlik səyahətə dəvət edirəm. İstənilən tarixdə gəlməyinizlə yanaşı, istədiyiniz hoteldə qalmağı da sizin şəxsi seçiminizə buraxıram. Bir şeyi də xüsusi vurğulamalıyam ki, bütün seçimlərin sizə aid olmasına baxmayaraq sadəcə bir istisna olacaqdır. Londonda qalacağınız yeddi gün ərzində sizinlə yalnız bir dəfə, o da “The Globe Theatre” də təyin olunmuş vaxtda görüşə biləcəyəm. Öncədən qeyd etməliyəm ki, bütün hər şey diqqətə alınmışdır. Zəhmət olmasa “Visa” kartınıza nəzər yetirməyi də unutmayın.

Hörmətlə Vilyam Şekspir”

Bildiyimiz kimi, bundan öncə Nizami Gəncəvi və Tolstoyla qarşılaşdığımdan bu müəmma qarşısında o qədər heyrətlənməsəm də istənilən halda təsirlənməyə bilməmiş, bunun hal-hazırda yaşayan hər hansı bir şəxsin hədiyyəsi kimi qəbul eləmişdim. Bir müddət Şeksprin profil rəsminə baxdıqda orada öz simasının altında kiçik hərflərlə Hamletdən o məşhur “To be, or not to be” ifadəsinin yazıldığının da şahidi oldum. Profilin bir neçə saat öncə açılması məndə onun əsl Şekspir olduğuna müəyyən şübhələr yaradırdı. Doğum tarixi yerində isə hər kəsə məlum olduğu kimi 26 aprel 1564-cü il qeyd olunurdu. Bir neçə dəqiqə profili araşdırdıqdan sonra telefonumda movcud olan “Birbanka” nəzər yetirdim. Gözlərimə inana bilmədim. Kartımda cəmi-cümlətanı 300 manat olduğu halda bu məbləğ 5300 manatı göstərirdi. Bütün bunlarla yanaşı göndərilən ünvanın üzərində “William Shakespeare” də yazılmışdı. Nəticə etibarı ilə şübhələrim getdikcə azalmağa başlayırdı. Heç bir səbəb olmadan kim mənə bu qədər pul göndərə bilərdi ki...
Hər nə qədər tərəddüd içində düşüncələrə dalsam da ruhumun ən dərin qatlarından “Sənə sonsuz sayda minnətdaram ey dahi insan, ey könüllər fatehi Şekspir” pıçıltıları eşidilirdi.

21 aprel 2022-ci il. London səmalarındayam. Hər zaman həsrətində olduğum, təsəllimi sadəcə kitablardan oxumaqla, şəkillərinə, videolarına baxmaqla tapmaqda olduğum möhtəşəm şəhər. Bu vüsalı mənə bəxş edəcəyi üçün ona o qədər minnətdaram ki...(Qısa hekayətimdə coşub-daşan sevincimin təsirindən bir neçə dəfə təşəkkür edəcəyim üçün, , məni anlamanızı xahiş edirəm). Və budur beş saatlıq uçuşdan sonra təyyarəmiz alqış sədaları altında “Heathrow” aeroportuna endi.
Yeddi gün müddətində xəyal etdiklərimi bir-bir canlı olaraq görəcəyəm. “The Globe Theatre” başda olmaqla “Big Ben”, “Tower bridge”, “London Eye”, “Westminster Abbey”, “Hyde Park”, “Buckingham Palace”, “Piccadilly Circus and Trafalgar Square”, “The British Museum”, “The Victoria and Albert Museum” və digər məkanlar. Bu cür heyrətamiz fikirlərlə siz mənə, Şekspir sayəsində, bir addım qədər yaxınsınız…deyərək taksiylə birbaşa öncədən bronladığım “Holiday İnn” hotelinə istiqamətləndim. Az-çox ingiliscə bildiyimdən heç bir ünsiyyət problemimin olmadığını da xatırlatmaq yerinə düşər (hətta dil problemim olsaydı belə, o zaman “Google Translate” proqramından faydalanmağı da əlbəttə unutmazdım. Axı biz həm də elm-texnika əsrinin nümayəndələriyik).
Nahardan sonra ilk olaraq taksiylə “Leicester Square” də yerləşən “William Shakespeare” heykəlinin ziyarətinə gəldim. Hal-hazırda o böyük dahinin heykəli qarşısındayam, amma bir neçə gün sonra şəxsən onun özünü görəcəyəm. Hansı hissləri keçirdiyimi təsəvvür edə bilməzsiniz. Gözlərim indidən dolmuş bulud kimidirsə, görəsən o unudulmaz gün gəldiyi zaman onların halı necə olacaqdır. Daha sonra “The Globe Theatre” də təyin olunmuş günə kimi bir az öncə sadaladığım və sadalamadığım məkanları birər-birər gəzərək bu şəhərin əsrarəngiz gözəlliyini əbədi olaraq bütün hüceyrələrimə kimi yaddaşıma həkk elədim. “Dumanlı albion” dan onun, Şekspirin qoxusu gəlməkdədir...Aradan 406 il keçməsinə rəğmən...Sanki, o bu gün də bu şəhərdə yenidən addımlamaqda, bu şəhəri yenidən gəzməkdə, bu şəhərin yenidən canlanmasında xüsusi rol oynamaqdadır...Yox, yox mən böyük bir səhv edərək, sözlərimdə müəyyən yanlışlığa yol verdim. Cümləmə düzəliş edərək fikirlərimi belə ifadə etməliyəm. O bu gün də bu şəhərdə addımlamaqda, bu şəhəri gəzməkdə və bu şəhərin canlanmasında xüsusi rol oynamaqdadır...Hələki onunla canlı görüşmədiyimə baxmayaraq hər addımımda onu yanımda hiss edir, sanki nəfəsini duyurdum. O tarixi günün bir an öncə gəlməsinə o qədər səbrsizlənirdim ki...

26 aprel. Bu gün onun 458 yaşı tamam olur. Çox xoşbəxtəm ki, bu günü məhz onun vətənində qeyd edəcəyəm. Və çox bəxtiyaram ki, bu gün onun özünü görmək səadətinə çatacağam. Heç kəsə nəsib ola bilməyəcək bir bəxtəvərlik, hətta 99.9999 fazinin yuxularında belə...
Hələki hotel otağında üst-başımı səliqəyə salmaqdayam. Televizorda Şekspirlə bağlı verlişlərin, canlı yayımların ardı-arası kəsilmir. Bir neçə saatdan sonra...Ax bu bir neçə saat əbədiyyət qədər uzun görsənir...

“The Globe Theatre” da “Hamlet” tamaşasını izləməkdəyəm. Hal-hazırda Hamletin o məşhur monoloqu səslənməkdədir:


To be, or not to be, that is the question:
Whether 'tis nobler in the mind to suffer
The slings and arrows of outrageous fortune,
Or to take arms against a sea of troubles
And by opposing end them. To die—to sleep,
No more; and by a sleep to say we end

Və anidən səhnədə o görünməkdədir (Əlbəttə ki, onun məhz Şekspirin özü olduğunu anlamaq o qədər də çətin deyildi. Çünki, bütün dünyaya məlum olan rəsmlərdəki o simanı tanımamaq imkansız idi) .Tamamilə canlı insan qismində Hamletin sol tərəfində dayanaraq onu izləməklə yanaşı ara-sıra mən oturduğum tərəfə də göz gəzdirməkdədir. İlk olaraq gördüklərimin sadəcə rejissorun bir müdaxiləsi olduğunu güman etsəm də, yalnız və yalnız mənə istiqamətlənən baxışlardan bunun heç də düşündüyüm kimi olmadığının fərqinə vardım. Digərləri üçün səhnədə Hamletdən başqa heç kimsənin olmadığına yetmiş faiz inansam da bir anın içində inamım yüzdəyüz olaraq dəyişdi. Hal-hazırda o, mənim yanımda əyləşərək mülayim və sakit bir səslə:

“Dəvətimi qəbul etdiyiniz üçün xüsusi minnətdaram. Eyni zamanda şəhərimizdən zövq aldığınıza da ümid edirəm”.

Təpədən-dırnağa qədər bütün bədənim donmuşdu desəm heç də mübaliğəyə yol vermərəm.

Bütün iradəmi toparlayaraq o, dahinin son dərəcə böyük səmimiyyətlə deyilən sözlərindən vəcdə gələrək məndə sakit səslə:

“Bu şərəfi mənə bəxş elədiyiniz üçün sizə sonsuz sayda minnətdaram” deyərək xitab elədim.

O, da:

“Dəyərli insanlara dəyər vermək borcumuzdur” deyərək gülümsədi.

Bir müddət öncə dahi şairimiz Nizami Gəncəviyə verdiyim sualı “Azərbaycanda 10 milyon, yer üzərində isə 8 milyarda yaxın insan olduğu halda nədən məhz məni seçdiniz? Axı mən bu şərəfə nail ola bilmək üçün həddən artıq sıradan biri deyiləmmi? Axı mən sizin tərəfinizdən seçilə biləcəyimi xəyallarımda belə təsəvvür edə bilməzdim” başqa bir dahiyə ünvanlamaq istərkən eyni cavab alacağımı fikirləşərək susdum. Xoşbəxtliyimdən artıq tamaşa da unudulmuş, göz yaşlarım gilə-gilə axmağa başlamışdı. Və o, bir anda göründüyü kimi bir anda da buxarlanaraq qeybə çəkilmişdi. Bəli, məndən başqa kimsənin onu görməsi mümkün deyildi. Əks halda insanların onu görmək üçün necə canfəşanlıq edəcəklərini bir siz düşünün…Tamaşanın nə zaman bitdiyini də xatırlamayaraq teatrda həyatımın ən müəmmalı hadisələrindən birinə şahid olmuşdum. Tamaşa içində bir tamaşa yaşamışdım, amma gerçək bir tamaşa…


Artıq iki saatdır ki, Bakımızdayam. “Küləklər şəhəri”ndə də “Dumanlı albion”dakı kimi çiskin yağış yağmaqdadır. Telefonumda mesenceri açıb yenidən ismarıca baxmaq istəyirdim ki, o ismarıcla yanaşı, Vilyam Şekspir profilindən əsər-əlamət qalmadığının da fərqinə vardım. Eyni zamanda “Birbank” proqramına daxil olaraq son əməliyyatlara nəzər yetirərkən “William Shakespeare” adlı istifadəçi adının olmadığını da dəqiqləşdirdim, baxmayaraq ki, “ödəniş və köçürmələr” hamısı olduğu kimi qalırdı. Balansım isə 550 manat göstərirdi.

“İlahi, mən necə də xoşbəxt, necə də uğurlu bir insanam” deyə düşünərkən, Şekspirin dahiyanə sözlərindən birini burada vurğulamağım tam yerinə düşərdi:

“Mən sənin eşqinlə güclüyəm inan,
Bütün yer üzünün krallarından”

Bəli, mən də bütün yer üzünün krallarından məhz bu cür dahiləri gördüyüm üçün daha xoşbəxtəm...

22.04.2022 / 02.00 Habil Yaşar

Qeyd : Olum, ya ölüm, budur məsələ.
Hansı şərəflidir? Azğın taleyin
Müdhiş oxlarına susub dözməkmi
Yoxsa fəlakətlər dənizlərinə
Qarşı silahlanıb üsyanmı etmək:
Ya qələbə çalmaq, ya həlak olmaq?
Ölmək -yuxulamaq, yalnız budur, bu!