Kullanıcı Oyu: 5 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin
 

İçindekiler Tablosu

Anamın sözünə ehtiyacım var...

Neyləsin...

İnsan və cahan

Doğum günü çiçəkləri

Mən payızı sevirəm,payız yağışlarını...

Quş kimi

Sevginin mən sayağı tərifi...

Görəsən bu qədər günahkarammı?

Bu şəhər

“kişilərin”  məhv etdiyi mələk

Please charge...

ŞƏHƏR

Bir rəsm payım

Salam, şəhər günaydın!

Bizim sabahlarımız və dünənlərimiz

Adam...

Axtarış

Hamsı mənim dərdim üçün...

Kimlər ağlasın...

Mənim şəhərimin...

Tükənməz sevgi

Səadətin izi

Cəhənnəmdə görüşənədək!

Səninlə bərabər olmaq

Sən olmayan şəhərin,

Çəkil, uzaqlaş...

Yazmaq

Ruhuma səslən

Ölümüm birdən olacaq

İtirdim

Gəlir

 

          

Anamın sözünə ehtiyacım var...

O, məni qoruyar çətində, darda,

Canımı isidər boranda, qarda,

Ruhumun əlacı ondadır, onda,

Anamın sözünə ehtiyacım var.

 

Güldən ətirlidir qoxusu, ətri,

Hər şeydən əzizdir hörməti, xətri,

Min romana dəyər cümləsi, sətri,

Anamın sözünə ehtiyacım var.

 

Ömrüm fəda olsun baxışlarına,

Bir tikan batmasın ayaqlarına,

Şair, yazıçılar dursun bir yana,

Anamın sözünə ehtiyacım var.

 

Dərdimi dərd bilib yanar ürəyi,

Yalnız övladıdır onun gərəyi,

Könlümün sultanı, arzu, diləyi,

Anamın sözünə ehtiyacım var.

 

Mələk sədasıdır ana sədası,

Olmaz övladına nazı, ədası,

Bütün dualardan daha ucası,

Anamın sözünə ehtiyacım var.

Ana duasına ehtiyacım var.

 Habil Yaşar    

29.05.2015

 

Neyləsin...

Sənə aşiq olan könül,

Özgə sevdanı neyləsin.

Eşqin ilə yanan könül,

Canı,cananı neyləsin.

Adın gəzir ürəklərdə,

Arzularda, diləklərdə,

Tər qoxuyan çiçəklərdə,

Sənsiz cahanı neyləsin.

10.03.2013 3:51:33

Habil Yaşar...

 

Kül olan könlümün ruhu qocalıb,

Sənsiz bu şəhərin dadı da yoxdur.

Demə Habil Yaşar yazıb, ucalıb,

Sənsiz şan-şöhrətin adı da yoxdur.

              Habil  Yaşar

 

               İnsan və cahan

Hər insan doğulur bir cahan kimi,

Hər cahan məhv olur bir insan kimi.

Hər şey bu insanda cahana bənzər,

Hər şey,  bu cahan da insana bənzər.

Görmək istəyirsən fərq arasında?

Doğulur, yaşayır, ölür sonunda.

İnsan da, cahan da eyni yoldadı,

Bu yol haqqa doğru uzanmaqdadı.

Haqqa gedən yollar tükənməyəcək,

İnsan ilə cahan fərqlənməyəcək.

            Habil Yaşar

 

    Doğum günü çiçəkləri

Səni yavaş-yavaş tanıyan zaman,

Çiçəklər almışdım doğum gününə.

İkisi qırmızı, birisi bəyaz,

Bəlkə də özümdən xəbərsiz gülüm,

Milyon rəng qatmışdım sənin ömrünə.

 

Sənsə mən aldığım o çiçəkləri,

Balıncın altında saxlıyırsanmış.

Hər gecə gizlicə baxıb dəftərə,

Ürəkdən ah çəkib ağlıyırsanmış,

Mənimlə mənsiz də danışırsanmış.

 

İndi o çiçəklər solub-saralıb,

Fəqət qoruyursan yenə onları.

O doğum günündən yadıgar qalıb.

Çiçəklər saralıb, solsa da barı,

Solmasın ömürlük sevgi baharı.

   Habil Yaşar

 

Məhəbbət toxum kimidi,

Ürəyə əkirsən torpaq yerinə.

Cücərəcək  ya əksinə,

Solacaq yarpaq yerinə.

       Habil Yaşar

 

Mən payızı sevirəm,payız yağışlarını...

Mən payızı sevirəm,

Payız yağışlarını.

Nə olsun ki, ağaclar,

Tökür yarpaqlarını.

Nə olsun ki, ömürün,

Payız qürub çağıdır.

Mən payızı sevirəm,

Payız mənim ruhumu,

Ən gözəl anlayandır.

 

Mən payızı sevirəm, 

Payız yağışlarını.

Nə olsun ki, payızın, 

Gözü bir az qəmlidir,

Ürəyi matəmlidir.

Mən payızı sevirəm,

O bir başqadır inan.

Narın yağışlarıyla,

Nurlanır bütün cahan.

 

Mən payızı sevirəm,

Payız yağışlarını.

Nə olsun ki, təbiət,

Azacıq qəribsəyir.

O öz soyuqluğuyla,

Bizləri istiliyə,

Doğmalığa səsləyir.

Mən payızı sevirəm,

Payız yağışlarını.

Heç nəyə dəyişmərəm,

Payız şıltaqlığını.

Habil   Yaşar

27.06.2015

 

Quş kimi

Azacıq günahı əzib keçəsən,

Bir az su içəsən rahatlanasan.

Köçəndə dünyadan elə köçəsən,

Quş kimi o səmtə qanadlanasan.

 

Arxanca söyməyə nə qohum, tanış,

Bir dostun dilində yad olmayasan.

Hələ bu dünyadan uzaqlaşmamış,

Sonraya yaman bir ad qoymayasan.

 

Ruhunu sıxmaya qəbir daşları,

Orda da sevinib, gülə biləsən.

Elə yaşayasan həyatı barı,

Öləndə adam tək ölə biləsən.

02.07.2015 

Habil Yaşar

       

Sevginin mən sayağı tərifi...

Dərdli sevgilər də yox olur demək,

Dərdli sevgidən də adam əl çəkir.

Sevgini içində yaşadan insan,

Bəzən sevgidən də elə əl çəkir.

 

Sevgi qəribədir bir həyat kimi,

Əvvəli bilinmir, sonu bilinmir.

Bəzən ürəyindən çıxarır kini,

Bəzən cildə girir, donu bilinmir.

 

Sevgi yaradandı, sevgi öldürən,

Mehriban bir qatil deyərdim ona.

Bəzən gözlərinin üstünə qoyan,

Bəzən endirəndi ayaqlarına.

 

Nə bilim, sevgiyə nə ad qoyum mən?

Kimlər baş açıb ki, mən də baş açam.

Qələmi özünə çəkdirəndə o,

Ən yaxşı yol budu sevgidən yazam.

 Habil Yaşar

07.07.2015

             

Görəsən bu qədər günahkarammı?

Deyirsən ki, sevin, şadlan, gül bir az,

Sevinsən gününün qarası olmaz.

Mən də anlayıram bilirəm lakin,

Dildə çox asandır bu dediklərin.

De necə sevinim, necə şad olum,

Bircə yolunu de, de qurban olum.

Sevinmək yaraşır mənim harama?

Hər gün ağrı qatır ağrılarıma.

Yorulub, usanıb əldən düşürəm,

Mən dərd qoxuyuram, dərd düşünürəm.

Bir an buraxmayır dərdlər yaxamı,

Görəsən bu qədər günahkarammı?

 

Görəsən bu qədər günahkarammı?

Tanrı da adımı qaralayıbmı?

Bilmirəm suçum nə? nələr etmişəm?

Bir onu bilirəm artıq bitmişəm.

Bitmişəm dəryada dalğalarım yox,

İtmişəm arayıb, axtaranım yox.

Qaranlıq dünyanın bir sakiniyəm,

Mən kimə lazımam, kimə gərəyəm.

Nə edim sevincə olmadım yaxın,

Məni dərdlərimlə tənha buraxın.

Bir də ağlınıza gəlməsin qəti,

Kimsədən ummuram bir mərhəməti.

 

 Bu şəhər

Sevənlərə qucaq açır bu şəhər,

Hər saniyə məhəbbətdən danışır.

Ayrılığa səbr eləyir birtəhər,

Küsülüsü bir-biriylə barışır.

 

Bu şəhərin küçələri duyğulu,

Hər nöqtəsi öpüşlərlə alışır.

Kim deyir ki, gecələri yuxulu,

Gecələri gündüzlərlə qarışır.

 

Bu şəhərdə darıxmağın yeri yox,

Yaşamağı bacarandı bu şəhər.

Adamları bir-birinə mehriban.

Günü-gündən ucalandı bu şəhər.

                   Habil  Yaşar

                         

“kişilərin”  məhv etdiyi mələk

Sən “kişilərin” məhv etdiyi mələk,

Ürəyində qaldı neçə  arzu, dilək,

Səni sürükləyib bu işə qadın,

Sonra damğaladıq fahişə adın.

 

Hər gün neçəsinə zorla mehman olan,

Gözəl bədənini ucuz satışa qoyan.

Səni qınamağa haqqımız yox bizim,

Sənin günahın az, günahımız çox bizim.

 

Ruhun satılmayır sənin heç zaman,

Bilirəm qəlbində biri var hər an.

Biri xatirinə bağışla bizi,

Qoruya bilmədik mələk  “fahişəmizi”.

 Habil Yaşar

                       

 Please charge...

Dinlə məni millət, dinlə məni xalq,

Biz birlikdə yatdıq, birlikdə oyanaq.

Mən, sən, o haqq deyək, haqq bağıraq,

Yatmışları isə biz haqq yola çağıraq.

Və beləcə başlayır yolumuz bizim,

Qoy daha ağrımasın solumuz bizim.

Bəsdi cahil olduq yetər artıq, oyan artıq,

Pislərin qatarını biz durdurmalıyıq.

Onları öz yerində oturtmalıyıq.

Biz yola çıxdıq bu yolun sonu olmayacaq,

Telfonunuza yükləməyin, beyninizə please charge...

 

Bəsdi daha dinlədik özü, sözü boş mahnıları,

Hörmət edib başa çəkdik içi boş manısları,

Bazarda dilənən dilənçilər, müğənnilər,

Onlara meydan açan bizim bu tvlər,

Aparıcıları bir birindən betər, 

Yetər artıq yetər,

Gün gələr bitər 

Sonu gələr onların,

Üzdə kişi görünən klounların, 

Beynini çürüdür sadə xalqın, avamların.

Dayanın, məni dinləyin 

Yox dayanmayın ardımca gəlin,

Bu millət hələ də xoş sözə möhtac, qayğıya ac,

Telfonunuza yükləməyin, beyninizə please charge...

 

Dildə Qarabağ ən böyük dərd kimi görünür bizə,

Ən böyük dərdimiz bu deyil inandırım sizə.

Ən böyük dərdimiz qərərindən çox pul qazanmaq,

Çökən bədənlərin üzərində villalar ucaltmaq,

Pul haradan gəlir gəlsin fərqi yox, nə olsun,

Halal olsun, haram olsun fərqi yox ,

Əsas odu pul olsun,

Kimin pulu varsa hər şeyim ona qul olsun.

Üzdə özümü göstərirəm Qarabağ deyə-deyə,

İçdə özümü yeyirəm pul hara getdi, necə oldu deyə.

İlahi bu millət nə vaxta kimi susacaq, qusacaq,

Telfonunuza yükləməyin, beyninizə please charge...

 

Bu millət hələ də ucuz ətdən danışır,

Bacısı orda-burda verdirən qeyrətdən danışır.

Mənsə dözə bilmirəm ürəyim yanır-alışır.

Bilmirəm nə edim, başıma nə çarə qılım,

Sabir demiş hələ də yatmış xalqı necə oyandırım?

Necə qandırım, inandırım,

Sual verin sizə hər şeyi cavablandırım.

Bəzisinə su töküm, bəzilərin yandırım.

Oyan ey xalqım oyan, 

Başını qaldır, bir az səmaya bax,

Hər şeylərdən uca sizə baxır Allah,

Bilirəm bir olsanız sizi azdırmayacaq,

Sizə qanlı günləri bir daha yazdırmayacaq.

Mən yazdım siz üçün sadəcə  sizə qalır oxumaq,

Telfonunuza yükləməyin, beyninizə please charge...

Habil  Yaşar    31.07.2015

 

 

ŞƏHƏR

(Rep kimi oxumaq istəyənlər müraciət edə bilərlər)

Yuxuya bənzər şəhər

Şəhər sükut içində,

Adamlar yoxa çıxmış.

Elə bil bu şəhərdə,

Heç adamlar yox imiş.

Ağlı-qaralı şəhər,

Yuxuya bənzər şəhər,

Həmişə gülər şəhər,

Elə bil ağlayırmış.

Bir nişan yox həyatdan,

Ölüm yağır uzaqdan,

Bu qədər qaranlıqdan,

Şəhər sıxılacaqmış.

Özündən getmiş şəhər,

Tükənib, bitmiş şəhər,

Varlığı itmiş şəhər,

Elə bil yaşamırmış.

10.08.2015 

Habil Yaşar

     

Bir rəsm payım

Bir az gülümsəyib rəsmini göndər,

Qoy mən ilham alım yanaqlarından.

Gecələr yatmayım səhərə qədər,

Öpüm baxa-baxa dodaqlarından.

            Bir rəsm payım

Özün uzaqdasan əlim çatmayır,

Tək rəsmin olacaq təsəlli mənə.

Ruhum səni inan heç unutmayır,

Əqlim əsir olub gözəlliyinə.

             Habil Yaşar

Bir rəsm payımı gözləyəcəyəm,

Ömrümə, günümə olsun ərməğan.

Səni özümdən də çox sevəcəyəm,

Şahiddir sevgimə bütün bu cahan.

Habil  Yaşar   

15.08.2015

 

Salam, şəhər günaydın!

Salam, şəhər günaydın!

Necəsən? gözün aydın.

Gedirəm buralardan,

Salamat qal hər zaman.

Heç məni sevmədin sən,

Qədrimi bilmədin sən.

Pislərə qucaq açdın,

Yaxşıya acımadın.

Qoynunda yad kimiyəm, 

Artıq adam kimiyəm.

Sözüm bu qədər yetər,

Mənsiz də günün keçər.

27.08.2015  Habil  Yaşar

   

Bizim sabahlarımız və dünənlərimiz

 Və sabahlar keçmişdə qalacaq,

Dünənlər sabah üçün açılacaq.

Əqrəblər öz yoluna davam edəcək,

Keçmiş sükuta dalacaq.

 

Sabahlar bəziləri işə tələsəcək,

Bəziləri evə qayıdacaq gecə növbəsindən.

Efirdə İlqar Mikayıloğlu “günaydın” deyəcək,

Bəziləri üçün sabahlar heç də xeyrli açılmayacaq.

Kasıblar çörək pulu qalıbmı sayacaq daxmalarında,

Varlılar yüzminlərdən danışacaq öz aralarında.

Küçədə oğlanlar söz atacaq məktəb qızlarına,

Uşaqlar dondurma almaq üçün qışqıracaq analarına.

Atalar bu günün qayğıları ilə yaşayacaq fikirlərində,

Minlərlə körpə doğulacaq doğum evlərində.

Qonşu Zibeydə xala meyvəsini satacaq piştaxtasında,

Qurbanəli bəy dincələcək öz yaxtasında.

Bakı Bulvarında görüşəcək sevgililər,

Marketlərdə deyişəcək müdirlə işçilər.

Futbolçular axşam avroliqanın oyununa çıxacaq,

Sinoptiklər söyləyəcək sabah şimşək çaxacaq.

Şairlər sevgidən yazdıqca,

Barlarda leylilər inləyəcək məcnun qucaqlarında.

Dünən evə gec gələn oğlanın atası danlayacaq,

Tələbə qız smestrdən keçmədiyi üçün tənhalığa çəkilib ağlayacaq.

Neçə işsiz gənclər veyllənəcək tinlərdə,

Neçə insan eşələnəcək zibil yeşiklərində.

Biznesmenlər mersedesin reklamını edəcək,

Onlarla insan xəstəlikdən öləcək.

Meşələrdə neçə ceyran vurulacaq,

Həmişəki kimi torpağımızı əsgərlər qoruyacaq.

Qəza törəcədək neçə sürücü,

Tutulacaq qatillərin beşdə üçü.

Bəziləri film seyr etməklə günün keçirəcək,

Bəziləri taleyindən şikayətlənəcək.

Neçə qız sevib-sevilərək ərə gedəcək,

Neçəsi istəmədən gora gedəcək.

 

Beləcə yaşanacaq bizim sabahlarımız,

Tarixə çevriləcək dünənlərimiz.

Zaman daima hərəkətdədir,

Təki xeyrli olsun gələn günlərimiz.

Habil Yaşar

         

Adam...

Allahın önündə əyilmir daha,

Müdirin önündə əyilən adam.

Ümidi, pənahı qalıb  Allaha,

Üzünə nə gəldi deyilən adam.

 

Maaş az, çörəyə çatmayır pulu,

Gəzərək axtarır ədalət yolu,

Açsan ürəyini qəzəblə dolu,

Özü öz içindən yeyilən adam.

 

Nə etsin onsuz da zəmanə tərsdi,

Hər gün gördükləri ona bir dərsdi,

Bir də görəcəksən damarı kəsdi,

Hər saat intihar diləyən adam.

           Habil Yaşar 2015

 

Axtarış

Göz yaşları içində,

həqiqət axtarışlarına çıxan yolçuyam.

Onu tapacağam,

 tapmayacağam

bir onu bilirəm ki, onu aramaqla məşğulam.

Bəlkə həqiqət

bir addım qədər yaxın mənə

və ya mən ona

bir əbədiyyət qədər uzağam.

əgər həqiqəti tapa bilsəm,

az da olsa yaxınlaşa bilsəm qədəmlərinə,

həyata ikinci dəfə deyil,

üçüncü,

    dördüncü

və bəlkə beşinci dəfə doğulacağam.

Hər gəlişimdə

həqiqətə daha yaxın olacaq,

ondan daha çox faydalanacağam.

Həqiqət göz yaşlarımda saxlısa,

  içəcəyəm.

Buxarlanıb özümdən keçəcəyəm 

ona qovuşmaq üçün.

Hər anı həqiqətlə yaşamaq, 

onunla paylaşmaq üçün.

Sənin axtarışında olmaq,

arzularımın ən böyüyü.

Bəs səni tapmaq?

Ölümsüzlüyün, ölümsüzlüyü.

Habil Yaşar

 

Hamsı mənim dərdim üçün...

Misralar qanə düşüb, hamsı mənim dərdim üçün,

Bülbül əfğanə düşüb, hamsı mənim dərdim üçün.

 

Nə edim dərdlərimin dərmanı yoxdur azacıq,

Dərdlərim dərdə düşüb, hamsı mənim dərdim üçün.

 

Eşidib səs-sədamı qəlbi yanır millətimin,

Millət əyağə düşüb, hamsı mənim dərdim üçün.

 

Bu qədər nalə-ahım cahanı yandıracaq,

Zili də bəmə düşüb, hamsı mənim dərdim üçün.

 

Habilin göz yaşı dəryayə dönər bir gün inan,

Dəryalər qəmə düşüb, hamsı mənim dərdim üçün.

    Habil Yaşar

 

Kimlər ağlasın... 

Gecəmin rənginə işıq qatarsan,

Sənsiz hər gecəmdə cəhənnəm yatır.

Sən öz çarpayında rahat yatarsan,

Mənim çarpayımda kədər, qəm yatır.

 

Yata da bilmirəm sənsiz gecələr,

Hardan gələcəksən yuxularıma.

Qırılmış bir ürək çətin düzələr,

Çətin son qoyulsun acılarıma.

 

Əl açıb tanriya yalvarıram ki,

Bu onsuz dünyadan məni aparsın.

Sonra hönkür-hönkür ağlayıram ki,

Bəs onun eşqiylə kimlər ağlasın.

              

Ağlayım eşqinlə bu xoşdur mənə,

Qoy yansın ürəyim, qoy közə dönsün.

Sənin bəxş etdiyin duyğular ki, var,

Şeirə çevrilib, xoş sözə dönsün.

 

Qıyma həsrətindən mən uzaq düşəm,

Sənin həsrətində səadət yatır.

Nə qədər ürəyim döyünəcəksə,

Orda sənə sevgi, məhəbbət yatır.

19.11.2015 Habil Yaşar

                   

Mənim şəhərimin...

Bir zamanlar üzümə gülən şəhərin,

gözünə baxa bilmirəm.

baxsam ağlayacaq,

sınacaq şəhər,

qarşımda lal olub,

donacaq şəhər.

Mənim bəlalı şəhərim,

salam vermədən keçirəm küçələrini,

bilirəm nə çəkirsən,

baxsam gözlərinə,

qorxuram hər daşın qan qusa bilər.

Qürurlusan özünü tox tutursan,

gizlədirsən hər ağrını-acını.

amma öz içində alovlanırsan,

deyə də bilmirsən ehtiyacını.

Qəlbi sınıq şəhərim,

eyni dərdi paylaşırıq,

sən və mən.

Biz birtəhər yaşayırıq,

heç nə gəlmir əlimizdən.

Mən sənin ruhuna bələdəm şəhər,

biz ruh əkiziyik özgə deyilik.

Atıb içimizə bu dərdi-qəmi,

Çöldən gülümsəyir, dərdsizləşirik.

Qəribə-qəribə baxır adamlar,

nələr çəkdiyimiz çoxuna yaddı.

Bir şeyi bilirəm ağlamasa da,

mənim şəhərimin ürəyi qandı.

 24.12.2015 Habil Yaşar 

                 

 Tükənməz sevgi

Bu gün üz-üzə gəldik, taleyin işinə bax,

Biz qovuşa bilərdik, qovuşa bilmədik ax.

İndi sən də evlisən, indi mən də evliyəm,

Biz yazıq nə çəkirik, bunu bir bilir Allah.

 

Gözəlim gözlərindən məhəbbət yağır yenə,

Baxıb doya bilmirəm o dərin gözlərinə.

Vüsal bizə yad oldu, arzumuz daşa dəydi,

Ehtiyacım var yenə o şirin sözlərinə.

 

Gecələr röyamdasan tez-tez qonaq olursan,

De səndəmi mən kimi saralırsan-solursan?

Bu həsrət bitməyəcək yandıracaq bizləri,

Sən mənim həyatımın sağalmaz yarasısan.

 04.01.2016 Habil Yaşar

               

Səadətin izi

Dünən çarpışırdın səadət üçün,

Bu gün tapmamısan onu sən yenə.

Bu günsə ən gözəl sabahlar üçün,

Dözürsən bu günün cəhənnəminə.

              

Bax beləcə keçir hər ayın, günün,

İnsan yazıqlaşır, can yazıqlaşır.

Sənin istədiyin gələcək üçün,

Arzular qəlbində yanır, alışır.

 

Yenə tükənməyir iradən, gücün,

Hər sabah bir ümid yaşadır səni.

İzinə düşdüyün o səadətin,

Özü arxasınca aparır səni.

 11.01.2015 Habil Yaşar

 

Cəhənnəmdə görüşənədək!

Ayrılırıq! Əlvida!

Cəhənnəmdə görüşənədək!

çünki,

sevərək səbəbsiz ayrılarnların,

məkanı cənnət olmur.

 

bəlkə bir gün cəhənnəmdə

üz-üzə gələcəyiksə,

tanıyacayıqsa bir-birimizi,

susqun baxışlarla etiraf edəcəyik

səbəbsiz ayrılığımızı,

söyəcəyik bu dünyadakı axmaqlığımızı

o zaman hər şey gec olacaq,

üzrlər belə itirəcək mənasını,

yana-yana çəkəcəyik,

səhvimizin cəzasını.

 

Göz yaşlarımız,

söndürə bilməyəcəksə alovumuzu,

axmasa yaxşıdı.

 

Mərhəmətə layiq olmayanların,

sonsuzadək xəcalətlə yaşamasından

betər nə var ilahi!

 

Ayrılırıq! Əlvida!

Cəhənnəmdə görüşənədək!

 01.02.2016 Habil Yaşar

 

Səninlə bərabər olmaq

Bir səhər səninlə görüşə çıxmaq,

Atmaq üst-başımdan kədər  tozunu.

İstərəm evinə ötürmək səni,

Eşitmək “sevirəm” deyən sözünü.

             Habil Yaşar

Bir səhər minlərə çevriləydi kaş,

Minlərin arası kəsilməyəydi.

Gecələr bir daha yetişməyəydi,

Sənsə evinizə tələsməyəydin.

            Habil Yaşar

İşlərim yolunda gedəydi belə,

Arzular,xəyallar gerçəkləşəydi.

Bizləri ayıran o yollar ki,var,

Bir gün bir ünvanda birləşdirəydi.

 

 Sən olmayan şəhərin,

Sən olmayan şəhərin,

gecəsi qəm içində.

gözlərinə qan dolub,

yolları nəm içində.

 

Sən olmayan şəhərin,

işığı zülmətlənir.

kabusu at oynadır,

yuxusu lənətlənir.

 

Sən olmayan şəhərin,

adına ləkə düşür.

şəhərlər cərgəsindən,

bu şəhər itgin düşür.

 

Sən olmayan şəhərin,

yaşamağa canı yox,

o elə naxoşlayıb,

dərdinə dərmanı yox.

 

Sən olmayan şəhərin,

üzünə baxmaq olmur.

hansı şəhər dözər ki...?

onu qınamaq olmur.

Habil Yaşar

24.04.2016 01/37

 

Çəkil, uzaqlaş...

Mənim taleyimin gözləri yaşdı,

Silə bilmirsənsə çəkil, uzaqlaş.

Bəxtimi yazanın ürəyi daşdı,

Silə bilmirsənsə çəkil, uzaqlaş.

 

Mənim çəkəcəyim kədərə, qəmə,

Sən Allah özünü ortaq eləmə.

Üzünə güldüyüm bu cəhənnəmə,

Gülə bilmirsənsə çəkil, uzaqlaş.

 

Mən dərd qoxuyuram, bağrım köz dolu,

Qəlbim deyilməmiş neçə söz dolu.

Mənim keçəcəyim əyri-düz yolu,

Gələ bilmirsənsə çəkil, uzaqlaş.

21.11.2015

Habil Yaşar

 

Yazmaq

Yazmaq istəyirəm səni büsbütün…

Yazmaq istəyirəm sevgilim səni,

Yazıb ürəyimi boşaltmaq üçün.

Bəlkə də səninlə məndən xəbərsiz,

Bu dünya durduqca yaşatmaq üçün,

Yazmaq istəyirəm səni büsbütün…

 

Yazmaq istəyirəm ovsun gözündən,

Könlümü oxşayan şirin sözündən,

Bəlkə də xəbərin yoxdu özündən,

Özünü özünə tanıtmaq üçün,

Yazmaq istəyirəm səni büsbütün…

 

Yazmaq istəyirəm ruhumla səni,

Mürəkkəblə deyil, qanımla səni,

Görmək istəyirəm yanımda səni,

Bir ömür yolunu oxumaq üçün,

Yazmaq istəyirəm səni büsbütün…

29.11.2014 02/00 Habil Yaşar

 

Ruhuma səslən 

Mən öz taleyinə küsən bir yazıq,

Sən yoluma çıxan mələksən, nəsən.

Nə olar ümid ver mənə azacıq,

Nə olar bir dəfə ruhuma səslən.

Al götür sən məndən mənim özümü,

Bir az xumarlanım, bir az şənlənim.

Tək sənə dikmişəm axı gözümü,

Eybi yox qoy səndən sevgi dilənim.

Eybi yox tək sən ol gümanım mənim,

Pənah apararam sən olan yerə.

Nəfəsim,varlığım, cahanım mənim,

Məni göylərdə tut, düşürmə yerə.

Bir xoş baxışınla ucalardayam,

Bir soyuq baxışla ölə bilərəm.

Tək sənin eşqinlə yaşayacağam,

Tək sənin qapına gələ bilərəm.

Bağlama qapını üzümə mənim,

Aç o qapıları taybatay mənə.

Tək sənlə bağlıdır düşüncələrim,

Sənsiz gərək deyil günəş, ay mənə.

Habil Yaşar

 

 

Ölümüm birdən olacaq

Ölümüm birdən olacaq cəmiyyət,

ölümüm birdən olacaq,

ya ürək tutmasından, 

ya şizofreniyadan.

Hər gün ölən cəmiyyətdə,

mən kimi dirilənlər,

ölümə məhkumdu

ölümüm 

kor cəmiyyətin gözünü açmayacaq qədər

adi olacaq.

Ölümüm birdən olacaq cəmiyyət,

ölümüm birdən olacaq.

Habil Yaşar

 

    İtirdim

Bu taleyin qışında,

Baharımı itirdim.

Ömür-gün naxışında, 

Mən yarımı itirdim.

 

İtirdim hər şeyimi,

Varlığımı itirdim.

Canıma da qəsd edib,

Sağlığımı itirdim.

 

Onsuz həyat yox mənə,

Vüqarımı itirdim.

Getdi vurdu ox mənə,

Qərarımı itirdim.

 

İtirdim ümidimi,

Gələcəyi itirdim.

Sındırıb ürəyimi,

Güləcəyi itirdim.

 

İtirdim göz nurumu,

Günəşimi itirdim.

Sinəmin alovnu,

Atəşini itirdim.

 Habil Yaşar          

 

 

     Gəlir

Ağlayıb içində, gülüb içində,

Yaşayıb içində, ölüb içində,

Özü öz içini görüb içində,

Özü öz içindən çıxmağı gəlir.

         

Çalışıb, vuruşur o çıxa bilmir,

Yazıq nə eləsin bir daha bilmir,

Özünə kənardan heç baxa bilmir,

Bütün sərhədləri yıxmağı gəlir.

      

Özü də bilməyir nə istəyir o,

Sevincmi istəyir, dərd istəyir o,

Bəlkə intiharı dəstəkləyir o,

Beyninə bir qurşun sıxmağı gəlir.

Habil  Yaşar  2014

 

İLGİLİ İÇERİK

HABİL YAŞAR TOPLU ŞİİRLERİ-1

KAMAL ve AYNUR POEMASI-HABİL YAŞAR

MELEKLERİN GÖZ YAŞI - HABİL YAŞAR

BİR İNTİHARÇININ MEKTUBU - HABİL YAŞAR

NYU YORKDA LANET-HABİL YAŞAR

YARATICILIK İNTİHARI - HABİL YAŞAR

BİR FİNCAN KOFE- HABİL YAŞAR

DOSTUM TANRI - HABİL YAŞAR

SON EKLENENLER

Üye Girişi