Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

İçindekiler Tablosu

Xəbər al...

Buraxın özüm olmağa,

Bilməmisən

Kâbus günlərim

Həyat…

Bir az sən düşmüsən yadıma mənim.

Acılar gecə başlar...

Saxtalıq...

Ey mənim çiçəyim bilirsənmi sən???

“Sevgi məni tək buraxma”

Sadəcə yoxluğuna...

Qaytar...

Habil Yaşar

Gülüm...

Sevərsənmi yenə sən???

Mən yaşadım gərək səni!!!

İnamım yox gözəlim kimsə məni səndən alar.

Ürəksiz...

elə-belə yox.

Gülün, yaxşı gülün, bir az da gülün.

Yaşamaq olmayır səni ey həyat!

Qoru ilahi !

Olarmı???

Unuda bilmərəm bu məhəbbəti.

Gözlərin.

Gəlir... (İlin ilk şeri )

Bu necə duyğudu, bu necə hissdi.

Eşqim

Aşkım

Bir cığır istəmişəm

Bir gün xatırlarsan mənli günləri.

Anlamadın...

Mənim şəhərimin...

Bəlkə də

Sevgi Dünyam

 

 

Xəbər al...

Sorursan ömrümdən nələrim gedib,

Nələrim olub ki, nələrim gedə. 

Mənim bu taleyim qara yazılmış,

Çətin ki, zülmətim işığa dönə.

 

Mən kədər şairi, qəm şairiyəm,

Dərdləri özümə həmdərd bilmişəm.

Nə zaman sevinib, gülümsəsəmdə,

Mən dərd yaşamışam, dərd düşünmüşəm.

 

Soruşma dərdimi, soruşma dostum,

Sən bu dərdlərimi bilən deyilsən.

Mənim dərdlərimdə səadətimdir,

Sən bu səadətdən gülən deyilsən.

 

Heç kəsə, heç zaman arzulamaram,

Heç kəsin sevinci dərddən olmasın.

Bu dərdin sevinci ağırdır ancaq,

Olan mənə olsun, sizdən olmasın.

 

Mən sizə danışdım mən kiməm, nəyəm,

Mənim kimliyimi məndən xəbər al.

Mən bu yer üzündə bir divanəyəm,

Nələr çəkdiyimi qəmdən xəbər al.

05.01.2013 22:05:44 Habil Yaşar

               

                      

Buraxın özüm olmağa,

Buraxın özüm olmağa,

Özüm olmaq istəyirəm.

Bu dünyada özüm kimi,

Mən yaşamaq istəyirəm.

 

Çox olacaq nəsihətlər,

Dostarası məsləhətlər,

Yetər artıq, yetər, yetər,

Rahatlanmaq istəyirəm.

 

Eşitmirəm sözünüzü,

Ağartmayın gözünüzü,

Uzaq tutun özünüzü,

Tənha qalmaq istəyirəm.

 

Həyat mənim öz işimdi,

Bu günümdü, keçmişimdi.

Özüm olmaq vərdişimdi,

Özüm olmaq istəyirəm.

10.01.2013 23.00 Habil Yaşar

   

   Bilməmisən

Gün keçib, ay dolanıb,

Mənsiz məni sevmisən.

O bir söz nədir axı?

Sən niyə gecikmisən.

 

Çox yemisən qəm-kədər,

Üzüb səni dərd-qəhər,

Günlərin keçib hədər,

Sevinib, gülməmisən..

 

Gülərdim gül desəydin,

Ölərdim öl desəydin,

Sən mənə gəl desəydin,

Gələrdim, görməmisən.

 

Sevgin başa tac imiş,

Qəlbin eşqə ac imiş,

Mənə də əlac imiş,

Dərdimi bilməmisən...

            

Kâbus günlərim

Köz-köz düşür ürəyimdən dərdlərim,

Əl vurma yandırar səni amandı.

Qoy mən ölüm, yanım canım qurtarsın,

Yaşamağım ölümümdən yamandı.

 

Mən onsuz da yaşamıram həyatı,

Ölüyəmmi, diriyəmmi fərqi nə?

Milyon dərdim olsa yenə az eylər,

Bir dərdin var?-şərik olum dərdinə.

 

Göz nə bilsin ürək çəkən əzabı,

Duyacaqmı? duymayacaq halından.

Ürək çəkər öz içində qəmlənər,

Dünya yanar atəşindən, odundan.

 

Bu nə həsrət? Bu nə atəş? Bu nə qəm?

Dama-dama gölə dönür dərdlərim.

Özlüyümdə əridikcə belə mən,

Sevincindən deyib-gülür dərdlərim.

 

Köz-köz düşür ürəyimdən dərdlərim,

Əl vurma yandırar səni amandı.

Qoy mən ölüm, yanım canım qurtarsın,

Yaşamağım ölümümdən yamandı.

                       21.09.2012 0:35:25        

 

              Həyat…

Hər gün bir az öldürüb,

Bir az yaşadar məni.

Əvvəl bir az güldürüb,

Sonra ağladar məni.

                  Həyat

 

Dərd üstə dərd verəndi,

Yox sözə hə deyəndi,

Yıxılana güləndi,

Qırar, sındırar məni.

                      Həyat

 

Min qılığı, donu var,

Bilinməz oyunu var,

Onun da bir sonu var,

Çox da aldadar məni.

                      Həyat

 

Bir az sən düşmüsən yadıma mənim.

Bir az sən düşmüsən yadıma mənim,

Bir azda özümü unutmuşam mən.

Yenə qara geyib xatirələrim,

Yenə sənsizlikdən od tutmuşam mən.

 

Yenə adamalrdan uzaqlaşmışam,

Qəribə görünür sevənlər mənə.

Özüm öz içimdə itib-batmışam,

Cəhənnəmə gülsün gülənlər mənə.

 

Yenə gözlərimin yuxusu qaçıb,

Yenə rahatlığım çəkilib dara.

Hər səhər yoxluğun üzümə açıb,

Daha dərinləşir içimdə yara.

 

Bu da bir ömürdü yaşayırıq bz,

Nə edək taledən qaça bilmirik.

Sevgiylə döysə də ürəklərimiz,

Vüsal yollarını aça bilmirik.

 

Bir azda sənsizlik dəyişib məni,

Deyirlər yamanca kövrək olmuşam.

Dostlar təriflərdi cəsarətimi,

İndi bir yarpaqdan titrək olmuşam.

 

Bir azlar, bir azlar bitib-tükənməz,

Saysam dərdim kimi azalmayacaq.

Yazdığım şerlər  karıma gəlməz,

Nə qədər yazsam da sən olmayacaq.

                          Habil Yaşar

 

 

Acılar gecə başlar...

 

Acılar gecə başlar, 

Bir bilsən necə başlar.

Yanarsan , qovrularsan,

Toz kimi sovrularsan,

Ahın çatar dörd yana,

Cavab gəlsə dərd yana.

Bir kimsə duymaz səni,

Duyub anlamaz səni.

Gecəylə baş- başına ,

Qalarsan tək başına.

 

Ulduzlar baxar gedər,

Ay da üzün döndərər.

Şam da yanmaz halına,

Ümid qalmaz yarına.

Gecələr həsrətinlə,

Nakam məhəbbətinlə.

Yalqız, yetim qalarsan, 

Yarpaq tək saralarsan.

Gecələr gəlməz xoşa,

Gücün yetirsə yaşa.

 

Acılar necə başlar,

Özü də gecə başlar.

Bitməz-tükənməz qəti,

Gecələrin həsrəti.

Nə etsən boşunadı,

Əlac göz yaşınadı.

Bu yaşamaq deyil ki,

Yoxluq işarəsidi.

Gecələr özü qara,

Həyatın üzü qara.

 19.05.2013 0:48:09

             

 Saxtalıq...

Ey saxta dünyanın saxta insanı,

Nə üçün dünyaya sən belə gəldin?

Bəlkə düzəldərdin sən bu dünyanı,

Təəssüf dünyaya sən belə gəldin.

 

Saxtadır gülüşün sözlərin kimi,

Bu saxta dünyada saxtalaşmısan.

Hər dəfə yalanı doğru bilmisən,

Bir dəfə düzlüyə çalışmamısan.

 

Saxta insanların saxta izləri,

Saxtalıq dünyanı bürüyüb gedir.

Tərbiyə, mərifət, əxlaq sözləri,

Elə dillərdəcə çürüyüb gedir.

 

İnsanlar bu qədər saxtalaşmayın,

Halalı, haramı qanan olun siz.

Demirəm mələk tək yaxşılaşmayın,

Nə olar bir dəfə insan olun siz.

 

Ey saxta dünyanın saxta insanı,

Nə üçün dünyaya sən belə gəldin?

Bəlkə düzəldərdin sən bu dünyanı,

Təəssüf dünyaya sən belə gəldin.

 

 Ey mənim çiçəyim bilirsənmi sən???

Neçə gül dərmişəm, çiçək dərmişəm,

Hər güldə, çiçəkdə “sən” axtarmışam.

Bəlkə də ətrini verələr deyə,

Neçə gül-çiçəyi qoxulamışam.

      

Neçə gül-çiçəyin ürəyindəyəm,

Neçə gül-çiçəkdə mənim izim var.

Ey mənim çiçəyim bilirsənmi sən???

Tək səndə, tək səndə mənim gözüm var.

 

Hər gülün-çiçəyin öz gözəlliyi,

Sənin gözəlliyin özgədir gülüm.

Kimsə əvəz etməz bu gözəlliyi,

Siman gözəlliyə güzgüdür gülüm.

   Habil Yaşar  26.08.2013

      

 “Sevgi məni tək buraxma”

Sağım sevgi, solum sevgi,

Ömür adlı yolum sevgi,

Sənə qurban olum sevgi,

Sevgi məni tək buraxma.

 

Ürəyim həsrət içində,

Gözlərim dəhşət içində,

Bu qədər millət içində,

Sevgi məni tək buraxma.

 

Məni sənsiz etmə dayan, 

Uzaqlara getmə dayan,

Gəl sonuma yetmə dayan,

Sevgi məni tək buraxma.

               

Sadəcə yoxluğuna...

Yaşamaq istədim, gözəl yaşamaq,

Sən gəldin ömrümə, günümə ancaq.

Həyatım dəyişdi, ömrüm dəyişdi,

Özüm də bilmədim bu necə işdi.

Məni arzuladın, bilmirəm nədən,

Sənə aşiq oldum özüm bilmədən.

Yazdım ürəyimə, ruhuma səni,

Çəkdim nəfəsimə, canıma səni.

Haraya getsəm də tək səni gördüm,

Tək səni istədim, səni düşündüm.

Sənsə anlamadın bu məhəbbəti,

Sənə ünvanlanan gözəl niyyəti.

Mənsiz sevinirsən, gülürsən əlbət,

Sənə arzularam gözəl səadət.

Sənsiz yaşamaq da ölümdür mənə,

Sənsizlik ən böyük zülümdür mənə.

Yoxluğun dərd olub dərdimin üstə,

Bir gün gələrsənsə məzarım üstə.

Ağlama, ağlama, ağlama qəti,

Vaxtında duymadın bu səadəti.

 

 

Qaytar...

Qaytar o paklığı, o təmizliyi,

Qaytar sudan duru o məni qaytar.

Qaytar ümid dolu gələcəyimi,

Qaytar tanıdığım o səni qaytar.

 

Qaytar söyləyirəm dilin lal olmuş,

Niyə danışmırsan? susursan nədən?

Bir mələk necə də şeytan olurmuş,

Mən bilə bilməzdim səni görmədən.

         

Qaytar o sevgini, o məhəbbəti,

Bilirəm qaytara bilməyəcəksən.

Rədd ol gözlərimdən, görünmə qəti,

Axı sən, axı sən kişi deyilsən...

                 02.09.2013 0:12:45

 

Habil Yaşar                      

(Bir evli xanımın istəyi ilə yazılmışdır)

Bir zamanlar

on yeddi yaşında

ərə getdiyin zaman

bəlkə heç düşünməmişdin

gün gələcək 

sevginin bitəcəyini.

on yeddi yaşlı qız ağılı ilə ərə getdiyindən

indi peşmansan deyəsən.

nəinki ərin,

hətta iki övladın belə 

umurunda deyil 

desəm yanılmaram yəqin ki...

sənin də,

ərinin də

soyumuş bütün ehtirasları...

ərini deyə bilmərəm

ancaq sənin bir sevdiyin var 

o sevgili ki,

onun da sənin kimi ailəsi,

iki uşağı 

bilinən, bilinməyən xasiyyətləri var.

indi sən gizlətsən də bütün bunları

görünür əsl sevgini indi tapmısan

necə deyərlər

“gecikmiş məhəbbət” deyirlər bunun adına.

ona tam aça bilməsən də qəlbini

o isə oxuyur qəlbindəkini

çünki o belə şeylərin mahir ifaçısıdır.

qarşındakı uşaq deyil ki, anlamaya səni.

bəlkə də özgə sevgiyə düşmək

və ya

öz həqiqi sevgisini gizlətməkdi 

cinayət

hər halda bu cinayətə səbəb 

illər sonra tapıb da 

qovuşa bilmədiyin 

əlyetməz məhəbbətdi,

məhəbbət.

görüşmək istəyirsən

yeni sevgilinlə

ərindən, qızlarından xəbərsiz

qınamıram səni

çünki sevgi sərhəd tanımadığından

sevirsən məni.

bəlkə də bu oyunda

ikimizdə günahkarıq

bilə-bilə uçuruma gedən yolda 

fəlakət gözləyir bizi

və ya o fəlakət artıq öz addımlarını atıb

bizə doğru irəliləyir.

indi saatları sayırıq 

ilk görüşə doğru

son görüşümüz olacaqmı bilmirəm...

hər şeyin öncədən göründüyü kimi

sadə olmayacağını anlayıram.

dəqiqələr səni mənə yaxınlaşdırdıqca,

bəlkə də 

saniyələrlə ölçürəm ömrümdən qalanlarını.

bizi anlamayacaqlar

anlamasınlar

biz onlar deyilik axı.

biz elə bizik .

bir sonrakı sevgiyə 

qədəm qoyur

ailəli iki aşiq.

 

 

Gülüm...

Ürəyim sıxılır hər gün, hər gecə,

Hər səhər bir həsrət başlanır gülüm...

Axı nə biləsən səndən gizlicə,

Bir gəncin həyatı yaşlanır gülüm...

           

Sevirəm gözlərim yaş içindədi,

Qurum da, odum da yaş içindədi,

Demə bu məhəbbət daş içindədi,

Hər yandan əzilir, daşlanır gülüm.

 

Gülsəm ağlaması ötüşməyəcək,

Ağlamaq heç nəyi dəyişməyəcək,

Əlim əllərinə yetişməyəcək,

Məhəbbət kədərdən xoşlanır gülüm...

17.08.2012 2:11:16

 

Sevərsənmi yenə sən???

Gecələrin birində yəqin öləcəyəm mən,

Ümid Allaha qalmış səni görəcəyəm mən?

Xəyalımda gözlərin gözlərimə sataşır,

Ruhum, cismim od tutur, alovlanır, alışır.

İki dünyam qərq olur qaranlığa, zülmətə,

Leyli Məcnun axtaran baxsın bu məhəbbətə.

Səni sənsiz yaşayan varlığım ölsün gərək,

Mələyim qan ağlasın, şeytanım gülsün gərək.

Qəlbimi sənə verdim, o  sənindi əzəldən,

Dərdimə dərman etməz, nə fayda min gözəldən.

Ruhuma ruh vermisən, canıma can olmusan,

Söylə indi hardasan? sirli cahan olmusan.

Dönərsənmi görəsən? Sevərsənmi yenə sən?

“Sənsiz yaşamaq olmur” deyərsənmi mənə sən?

Hər səhər oyanıram halım yaman içində,

Təsəllim, inanıram ümid, güman içində.

     2014   Habil Yaşar

 

Mən yaşadım gərək səni!!!

Mən sənsiz gülə bilmirəm,

Özümə gələ bilmirəm.

Neyləyim ki, ay sevgilim,

Ölə-ölə yaşasam da,

Bir yolluq ölə bilmirəm.

 

Unutmaz ki, ürək səni,

Tutub arzu, dilək səni.

Dinlə məni, ay gözəlim,

Məqsədim var şerimdə,

Mən yaşadım gərək səni.

 

Hara getsəm yanımdasan,

Ürəyimdə, canımdasan.

Bilirsənmi, ay mələyim?

Nəfəsimə çəkdim səni,

Ömür boyu qanımdasan.

 

 

İnamım yox gözəlim kimsə məni səndən alar.

İnamım yox gözəlim kimsə məni səndən alar,

Hər kimsə səni məndən alar, bil ki, məni məndən alar.

 

Hər gecə bir gözəlin qoynuna mən girsəm əgər,

Bilirəm ki, yaradan can evimi təndən alar.

 

Habilin qəlbinə bax, etmə ginən zərrə güman,

Sən onu yaxşı tanı, bil ki, səni zəndən alar.

 

                     Ürəksiz...

Ürəksizə ürək vermə ay ürək,

Salamı da alar-verər ürəksiz.

Cani dildən mehribanlıq edərsən,

Sənin ilə deyər-gülər ürəksiz.

 

Dar günündə uzaq gəzər, sirlənər,

Şad günündə həsəd çəkər, qəmlənər,

Ürəyində nələr-nələr gizlənər,

Üzdə səni dostu bilər ürəksiz.

 

Sevinməyi, ağlamağı bilinməz,

Necə, nə cür yaşamağı bilinməz,

Mərd olmağı, olmamağı bilinməz,

Xain kimi səni istər ürəksiz.

 

Sənin qədər o, istəməz xətrini,

Ondan alar, bundan alar ətrini,

Əsla bilməz dəyərini-qədrini,

Sənə varar, sənə gələr ürəksiz.

 

Dost söyləmə bu dünyada hər kəsə,

İnanma gəl müxənnətə, nakəsə,

Habil Yaşar ürəyindən gəlməsə,

Çətin duyar, çətin sevər ürəksiz.

 

Səni mən çox istərəm, elə-belə yox,

Sən də çox istə məni, elə belə yox.

 

Bu bizim ilk gecəmiz,

Sevgi dolu tək gecəmiz.

Bilir aləm gecəmiz,

Gözəl keçir,

                     

elə-belə yox.

Səni mən çox istərəm, elə-belə yox,

Sən də çox istə məni, elə belə yox.

 

Vurulmuşam gözlərinə,

Şirin-şəkər sözlərinə,

Sığal çəkib dizlərinə,

Ləzzət alım,

                    elə-belə yox.

 

Səni mən çox istərəm, elə-belə yox,

Sən də çox istə məni, elə belə yox.

 

Dinlə məni ay gözəlim,

Yoxdu sənə tay gözəlim,

Keçən-keçib day gözəlim,

Gəl öpüşək,

                  elə-belə yox.

 

Səni mən çox istərəm, elə-belə yox,

Sən də çox istə məni, elə belə yox.

 

Naz eyləmə gəl yanıma,

Ağrı salma yar canıma.

Fiqurana, camalına,

Baxım gərək,

                     elə-belə yox.

 

Səni mən çox istərəm, elə-belə yox,

Sən də çox istə məni, elə belə yox.

 

Sən mənimsən, mən də sənin,

Gəl sevişək dərin-dərin,

Habil yazır şerlərin,

Candan gəlir,

                   elə-belə yox.

 

Səni mən çox istərəm, elə-belə yox,

Sən də çox istə məni, elə belə yox.

 

 Gülün, yaxşı gülün, bir az da gülün. 

( Sözüm təkəbbürlü olan, elmsiz, cahil bir qövmə aiddir).

 

Gülün, yaxşı gülün, bir az da gülün,

Nə gözəl yaraşır sizlərə gülmək.

Torpağı yadlarda olan sizsiniz,

Doğrudan yaraşır sizlərə, gülmək.

 

Çıxıb efirlərə səs dilənənlər,

Yarılüt xanımlar, mavi gədələr,

Silikon dodaqlar, açıq göbəklər,

Nə gözəl yaraşır sizlərə, gülmək.

 

Elə hey  “yevropa” deyib durmusuz,

Əsl yevropadan uzaq durmusuz,

Nə olub, nədəndi çox qudurmusuz?

Nə gözəl yaraşır sizlərə, gülmək.

 

Dəyişir yer üzü, dəyişir zaman,

Elmlə ucalır, ingilis, alman,

Sizsə özünüzə olmusuz heyran,

Nə gözəl yaraşır sizlərə, gülmək.

 

Habil  Yaşar yazar haqdan sözünü,

Satmaz müxənnətə, yada özünü,

Sizlərə yazıram sözün düzünü,

Nə gözəl yaraşır sizlərə,  gülmək

 

      

Yaşamaq olmayır səni ey həyat!

Biz nələr umuruq, sən nə verirsən,

Anlamaq olmayır səni ey həyat.

Bizlər ağlayarkən, sənsə gülürsən,

Tanımaq  olmayır səni ey həyat.

 

Şiirnsən? Acısan? hələ bilmirik,

Bizimlə qəsdin nə? bilə bilmirik,

Bir yolluq yola da gələ bilmirik,

Qınamaq olmayır səni ey həyat.

 

Necə qəribəsən, necə amansız,

Mərdə də qıyırsan vaxtsız, zamansız,

Bu gündən sabaha ümid, gümansız,

Yaşamaq olmayır səni ey həyat.

29.11.2013 3:07:21   Habil Yaşar

 

         Qoru ilahi !

Günəş də qaranlıq, ay da qaranlıq,

Zülmət əl çəkməyir yaxamdan mənim.

Əlləri, qolları görünmür ancaq,

Vurur gizli-gizli arxamdan mənim.

 

Qırılıb min yerə səpələnirəm,

Yığıb-yığışdırmaq olmayır məni.

Qaranlıq içində işıq gəzirəm,

İşıq da yadına salmayır məni.

 

Nədir bu qaranlıq? nədir bu zülmət?

Varmı bu dəhşətin sonu ilahi?

Canı sən vermisən, sənə əmanət,

Qoru qaranlıqdan onu ilahi!

 12.12.2013 2:44:05     Habil Yaşar

 

         Olarmı???

Özü öz içində ağlayan gəlin,

Nədən ağlayırsan bilmək olarmı?

Dərdini öz dərdim bilərəm sənin,

Hər şeyi birlikdə bölmək olarmı?

 

Ağlama yaraşmır ağlamaq sənə,

Bir ömür yas tutub, saxlamaq sənə.

Gərəkdir sevinclə yaşamaq sənə,

Axan göz yaşını silmək olarmı?

 

Unut dərdlərini sevin, gül bir az,

Məni də özünə yaxın bil, bir az,

Mən sənə gəlirəm sən də gəl, bir az,

İzn ver yanına gəlmək olarmı?

Habil Yaşar

 

Unuda bilmərəm bu məhəbbəti.

Ağlama ürəyim, gülmə ürəyim,

Sən beləcə yaşa bu həqiqəti.

Məni də ürəksiz bilmə  “ürəyim”,

Unuda bilmərəm adı sən olan,

Sinəsi köz dolu bu məhəbbəti.

 

Hər yerdə, hər zaman görərəm səni,

Kölgəmsən, kölgəmdən qaça bilmərəm.

Çoxları ürəkdən sevsə də məni, 

Heç kəsə qəlbimi aça bilmərəm,

Özün qazanmısan bu ləyaqəti.

 

Ürək sevdiyini unuda bilməz,

Sevgisiz bir ürək döyünərmi heç?

Heç kimsə dərdimi ovuda bilməz,

Sənsiz üzüm gülüb, sevinərmi heç?

Tək səndə taparam bu səadəti.

 

Əllərin əlimdən uzaq olsa da,

Ruhumu ruhuna bağlayacağam.

Bəzi etiraflar qınaq olsa da,

Sonsuz həsrətinlə ağlayacağam,

Eşqindən alaram bu dəyanəti.

 

Ruhumu canımdan alıb gedərsən,

Yoxluğum da səni izləyəcəkdir.

Məni sevəcəksən, sevməyəcəksən,

Habil  yalnız səni düşünəcəkdir,

Əsla qırmayacaq bu sədaqəti.

 

Habil  Yaşar   04.12.2013 2:44:34

 

Gözlərin.

İlk baxışdan aşiq oldum, vuruldum,

Məni aldı məndən qara gözlərin.

Baxışınla təmizləndim, duruldum,

Saldı məni çətin, dara gözlərin.

                Gözlərin

Mən nə yazım gözlərinin eşqinə,

Hər nə yazsam sözüm yetməz şəninə,

Yaman durub aşiqinin qəsdinə,

Qəlbim edib para-para gözlərin.

            

Külə döndüm həsrətindən, qəmindən,

Bir söz nədir çıxarmırsan dilindən,

Bir gün ölsəm gözlərinin əlindən,

Hara baxar? hara? hara? gözlərin. 

Habil Yaşar

 

           Gəlir... (İlin ilk şeri )

Ağlayıb içində, gülüb içində,

Yaşayıb içində, ölüb içində,

Özü öz içini görüb içində,

Özü öz içindən çıxmağı gəlir.

 

Çalışıb, vuruşur o çıxa bilmir,

Yazıq nə eləsin bir daha bilmir,

Özünə kənardan  heç baxa bilmir,

Bütün sərhədləri  yıxmağı  gəlir.

 

Özü də bilməyir nə istəyir o,

Sevincmi istəyir, dərd istəyir o,

Bəlkə intiharı dəstəkləyir o,

Beyninə bir qurşun sıxmağı gəlir

14.01.2014 0:01:26

 

Bu necə duyğudu, bu necə hissdi.

Bu necə duyğudu, bu necə hissdi,

Rahat buraxmayır bir an da məni.

Yalnız bir insanın sevgisi bəsdi,

Daim xoşbəxt edə cahanda məni.

 

Sevgisi ruhuma hakim olandan,

Qəlbim parçalanıb, muma dönübdür.

Bəlkə bu məhəbbət bitər deyirdim,

Ancaq heç sönməyən şama dönübdür.

 

Habil gəzər-gəzər yar sorağında,

Sevməyən nə qansın onun halından.

Ömrünün bu qədər cavan çağında,

Göz yaşı süzülür yanaqlarından.

Habil Yaşar          14.02.2014 0:03:23

 

 Azərbaycan və Türkiyə Türkcəsində şerim

              Eşqim                                                                                                                 

Gecələr sənsizliyi daha çox xatırladır mənə,                                      

Məzar kimi soyuq olur sənsizlik.                                                          

ən kiçik zərrəciklərin belə                                                                     

hər birindən sən düşürsən tavandan üzü aşağı.                     

tutmaq istəyirəm heç zaman tuta bilməyəcəyimi bilə-bilə.            

zərrə-zərrə qaçırsan məndən,           

uzaqlaşırsan addım-addım.   

yetişə bilmirəm mənim olacaq sənsizliyə.                                          

hər şey səni məndən alıb da götürür,                                                  

ayrılıqların bitməyəcəyi yerə.                                                               

o yerdə hər şey susqun,                                                                        

hər şey rəngsiz,                

həyatı mənasız edən hər şey orada saxlı.                                          

mən düşünməzdim sənə belə aşiq olacağımı,                                   

belə sevəcəyimi,                                                                                     

özümü belə yaxacağımı.          

düşünməzdim.                                                             

həyat bu işdə,                                                                                         

nə verəcəyini bilmək olmaz ki...                                                          

indi hər şey sənsizlik qoxuyur,         

nə acı bilirəm,                                                                                        

   nə də ki, şirin,                                                                                     

bir dadı qalmamış yeyəcəklərimin...                                   

hər yerdə sən varkən,                                                                          

heç yerdə tapa bilmirəm səni.                                                           

sən elə itmisən ki,                                              

kimsə bilməz yerini.                                                                            

Artıq heç bir şey öncəsi kimi olmayacaq,                                       

nə şerləri eyni həvəslə oxuya biləcəm,                                           

nə  də mahnıları dinləyə biləcəm eyni həvəslə.                            

yalnızlığımla baş-başa qalacağam,                                                   

sənsizliyimi yana-yana yaşayacağam.                      

mən həyatdan çox şey istəməmişdim,                                           

bir sən ol yetər demişdim,                                                                 

Ancaq  həyat                                                                                        

səni də mənə çox gördü,                                                                   

və o gün, bu gün,                                                                                

mənim üçün həyat da öldü.                                                              

Ancaq ölməyən bir tək,                                                                      

bir tək sən varsan,                                                                               

Eşqim...               

Habil Yaşar

 07.02.2014 23:14:12

 

Aşkım

Geceler sensizliyi daha çok hatırlatıyor bana,                                                                                          

Mezar gibi soğuk oluyor sensizlik,                                                                   

en küçük zerreciklerin bile,                                                                                           

her birinden sen düşüyorsun tavandan yüzü aşağı.                                                          

.            tutmak istiyorum hiç zaman tuta bilmeyeceyimi bile-bile.                                

zerre-zerre kaçıyorsun benden,                                                                        

uzaqlaşıyorsun addım-addım.                                                                                   

yetişe bilmiyorum benim olacak sensizliye.

her şey seni benden alıb da götürüyor,

ayrılıkların bitmeyeceyi yere.

o yerde her şey suskun,

her şey renksiz,

hayatı menasız kılan her şey orada saklı.

ben düşünemezdim sana böyle aşık olacağımı,

böyle seveceyimi,

kendimi böyle yakacağımı.

düşünemezdim.

hayat bu işte,

ne vereceyini bilmek olmaz ki...

şimdi her şey sensizlik kokuyor,

ne acı biliyorum,

ne de ki, şirin,

bir tadı kalmamış yeyeceklerimin... 

her yerde sen varken,

hiç yerde bulamıyorum seni.

sen öyle kayb olmuşsan ki,

kimse bilmez yerini.

Artık hiç bir şey öncesi gibi olmayacak,

ne şiirleri aynı hevesle okuya bileceyim,

ne de şarkıları dinleye bileceyim aynı hevesle.           

yalnızlığımla baş-başa kalacağım,

sensizliyimi yana-yana yaşayacağım.

ben hayatdan fazla şey istememişdim,

bir sen ol yeter demiştim.

Ancak hayat

seni de bana çok gördü,

ve o gün, bu gün,

benim için hayat da öldü.

Ancak ölmeyen bir tek,

bir tek sen varsın,

Aşkım...

  Habil Yaşar

 07.02.2014 23:14:12

 

Bir cığır istəmişəm

Bir dəfə dünyaya gəlmişəm deyə,

Min dəfə minnətin eşitmişəm mən.

Yol tapıb dünyadan çıxıb getməyə,

Göylərdən bir cığır istəmişəm mən.

 

Bir cığır açıla çıxam da gedəm,

Gedəm bu dünyadan, bu yer üzündən.

Hər hansı dünyanın bir guşəsində,

Yazam bu dünyanın əyri-düzündən.

 

Qoy özünə qalsın yaxşılığı da,

Dərdini-sərini qoy özü çəksin.

Arxamca qalmasın baxışları da,

Bir yolluq yolumdan gözünü çəksin.

 

Getsəm birdəfəlik gedərəm inan,

Bir dəfə çevrilib baxmaram sənə.

Cahanlar içində nə çoxdur cahan,

Ehtiyacım qalmaz səxavətinə.

 

Bir dəfə dünyaya gəlmişəm deyə,

Min dəfə minnətin eşitmişəm mən.

Yol tapıb dünyadan çıxıb getməyə,

Göylərdən bir cığır istəmişəm mən.

Göylərdən bir cığır istəmişəm mən.

Habil Yaşar 15.02.2014 2:14:24

 

Bir gün xatırlarsan mənli günləri.

Bir gün xatırlarsan mənli günləri,

Yadına salarsan sən məni onda.

Çoxunu "mən" bilib sevinən zaman,

Üzünə qəm çökər mən olmayanda.

 

Ümidin,  gümanın məhv olub gedər,

Əriyib, bitərsən xəyallarında.

Özün də özünə qənim olarsan,

Tükənməz şübhəli sualların da.

 

Hər gecə həsrətim özümdən böyük,

Yastığın nəm olar göz yaşlarından.

Haraya baxarsan məni görərsən,

Qurtula bilməzsən baxışlarımdan.

 

Lənət yağdırarsan ömürə, günə,

Lənət yağdırarsan özünə lənət.

Bir vaxt dəyərini bilmədiklərin,

Bir gün ürəyində qurar məhəbbət.

 

O zaman gec  olar, hər şey gec olar,

Nə edək beləcə yaşamalısan.

Günahkar özünsən, özün günahkar,

Günahı özün də daşımalısan.

22.02.2014 1:52:52

Habil Yaşar   

 

    Anlamadın...

 

Sənə könül verdim sən anlamadın,

Sən duya bilmədin bu məhəbbəti.

Bəlkə də mən sənsiz heç yaşamadım,

Bəlkə də mən sənsiz ölüyəm indi.

 

Mən səndən çox şeylər istəmədim ki,

Bir dəfə üzümə gülmədin ancaq.

Bəlkə mən deyildim ürəyindəki,

Bəlkə də özümü aldatdım ancaq.

 

Aylarım, illərim yolunda getdi,

Bir dəfə geriyə dönüb baxmadın.

Mən səni sevmişdim ay zalım qızı,

Sən isə sevgimi heç anlamadın.

 01.03.2013 1:00:08

Habil Yaşar...

 

Mənim şəhərimin...

Bir zamanlar üzümə gülən şəhərin,

gözünə baxa bilmirəm.

baxsam ağlayacaq,

sınacaq şəhər,

qarşımda lal olub,

donacaq şəhər.

Mənim bəlalı şəhərim,

salam vermədən keçirəm küçələrini,

bilirəm nə çəkirsən,

baxsam gözlərinə,

qorxuram hər daşın qan qusa bilər.

Qürurlusan özünü tox tutursan,

gizlədirsən hər ağrını-acını.

amma öz içində alovlanırsan,

deyə də bilmirsən ehtiyacını.

Qəlbi sınıq şəhərim,

eyni dərdi paylaşırıq,

sən və mən.

Biz birtəhər yaşayırıq,

heç nə gəlmir əlimizdən.

Mən sənin ruhuna bələdəm şəhər,

biz ruh əkiziyik özgə deyilik.

Atıb içimizə bu dərdi-qəmi,

Çöldən gülümsəyir, dərdsizləşirik.

Qəribə-qəribə baxır adamlar,

nələr çəkdiyimiz çoxuna yaddı.

Bir şeyi bilirəm ağlamasa da,

mənim şəhərimin ürəyi qandı.

24.12.2015

Habil Yaşar

 

             Bəlkə də

Məni anlamadı dünyada heç kim,

Bəlkə mən özüm də anlaşılmazam.

Bəlkə birisinə sirli bir aləm,

Başqa birisinə çox dayazmışam.

 

Hər kəsin özünün öz düşüncəsi,

Heç kəsin qəlbini oxumaq olmur.

Mənim ürəyimdə hər kəsə yer var,

Bəlkə də içində yaşamaq olmur.

 

 

İçim qasırğalar, tufanlar dolu,

Kimlər yaşayar ki, bu xarabada.

Bəlkə də içimdə ölmüşəm düzü,

Ruhumu gəzirəm bu xarabada.

 

Yox, yox qınamıram mən özgələri,

Mən özüm özümə düşmən olmuşam.

Özüm öz içimdə öləndən bəri,

Özüm də özümdən küsən olmuşam.

 

Mən özüm özümü anlamıramsa,

Kimlər anlayacaq, duyacaq məni.

Bəlkə də məndən də dəli adamlar,

Bir dəli yerinə qoyacaq məni.

          2014   Habil Yaşar

 

Sevgi Dünyam

İfa Xalidə İsmayılqızı

Söz-Musiqi: Abış Surxayoğlu

Mövzunun Müəllifi: Habil Yaşar

Sevgi Dunyam

İfa: Xalide İsmayilqizi

Söz-Musiqi: Abis Surxayoglu

Movzunun Muellifi: Habil Yashar

 

İLGİLİ İÇERİK

HABİL YAŞAR TOPLU ŞİİRLERİ - 2

KAMAL ve AYNUR POEMASI-HABİL YAŞAR

MELEKLERİN GÖZ YAŞI - HABİL YAŞAR

BİR İNTİHARÇININ MEKTUBU - HABİL YAŞAR

NYU YORKDA LANET-HABİL YAŞAR

YARATICILIK İNTİHARI - HABİL YAŞAR

BİR FİNCAN KOFE- HABİL YAŞAR

DOSTUM TANRI - HABİL YAŞAR

SON EKLENENLER

Üye Girişi